Eldar Əzizovun dibçək təşəbbüsü nəyə hesablanıb?
Bu gün Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməsi barədə məlumatlar yayıldı.
İcra Hakimiyyətindən verilən xəbərə görə, bununla əlaqədar paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərimizə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırıb.
Aktualinfo.org xatırladır ki, Eldar Əzizov ayrı -ayrı rayonlarda İcra başçısı işlədiyi dövrlərdə də göstərdiyi müxtəlif təşəbbüslərlə yadda qalıb. Məsələn Eldar Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olarkən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 12 tonluq tortun hazırlanmasının təşəbbüskarı olmuşdu. Həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə uzunluğu 15 metr, eni 4 metr, hündürlüyü 1,4 m, çəkisi isə 3 ton 200 kq olan tortun hazırlanmasının da təşəbbüskarı Eldar Əzizov olmuşdu.
Paytaxt rəhbərinin yeni təşəbbüsünə gəlincə. Təqdirəlayiq haldır,paytaxtın gözəlliyi üçün hesablanıbsa alqışlamağa dəyər. Amma məlum olduğu kimi Bakı küləklər şəhəridir. Eyvanlardan asılan, şəkillərdə gördüyümüz dibçək çiçəklərinin sərt Bakı küləklərinə nə qədər davam gətirəcəyi hesablanıbmı? Elə Bakının qızmar günəşinə də həmçinin. Həmçinin bu dibçəklərin Bakı şəhər İcra hakimiyyətinə neçəyə başa gəlməsi də artıq maraq doğurur. Yuxarıda qeyd etdiyimiz kimi dibçək çiçəkləri bir neçə aydan sonra Bakımızın küləyinə və istisinə tab gətirməsə nə qədər vəsait batacaq bəlli deyil.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti 03.06.2021-ci il tarixdə Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üzrə keçirmiş olduğu tenderdə “Star Construction-12” QSC ilə 16 559 900 manat məbləğində satınalma müqaviləsi bağlamışdı. Müqviləni İcra Hakimiyyəti adından elə Eldar Əzizovun təşəbbüsü ilə BŞİH-in tabeçiliyində yaradılmış və başına da iyirmi ildir yanında gəzdirdiyi Abit Əliyevi rəhbər təyin etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC bağlamışdır. Qeyd edək ki,elə bu gün də MMC Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə “Star Construction-12” QSC ilə 13 470 942.89 manat məbləöinə daha bir satınalma müqaviləsi bağlayıb. Yəni bir həftəyə 30 milyon manat.
Burada xüsusilə vurğulamaq istərdik ki, İcra Hakimiyyətinin keçirdiyi tenderlərin şərtlər toplusunda Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinın hansı küçədə və hansı ünvanda aparılacağı açıq şəkildə göstərilməməsi şübhələr yaratmaya bilmir. İcra Hkimiyyətindən verilən məlumatda artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb. Bu dibçəklər olmaya park və bağlarda təmir işlərinə ayrılan vəsaitlər hesabına alınır? Təmir işlərinin aparıldığı ünvanlar dəqiq göstərilmədiyindən bu qənaətə gəlirik. Digər tərəfdən Eldar Əzizov parkların dağıdılması ilə bağlı vətəndaşların şikayətlərinin yerində həll olunmasına, tikinti şirkətlərinin məhv etdiyi yaşıllıqlara nəzarəti gücləndirməyə təşəbbüs göstərsə, daha yaxşı olmazmı?
Aktualinfo.org