Soçidə Nikolu divara dirəyiblər: Sərkisyan yaydı və rüsvay oldu
Ermənistanda seçki təbliğatı çərçivəsində bir-birinə qarşı kompromat savaşı vüsət götürüb.
Ötən gün keçmiş prezident Serj Sərkisyan Paşinyanın onun orduya ayrılan vəsaiti xarici ölkədə qumarda uduzması barədə səsləndirdiyi faktları 24 saat müddətində təkzib etməyəcəyi halda ailəsini rüsvay edəcək qeydləri yayımlayacağını bildirmişdi.
Aradan 24 saat keçdi, Nikol Paşinyan nə təkzib, nə də iddiasını sübut edən fakt təqdim etdi. Növbə Serj Sərkisyana çatdı.
Sərkisyan isə ailəsi və yaxud şəxsi həyatı ilə bağlı deyil, Qarabağ danışıqları mövzusunda Nikol Paşinyanın vaxtilə “kiməsə” etdiyi etiraflardan ibarət səs yazısını tirajladı. Bu səs yazısında məqsəd nədir və Sərkisyan bununla doğrudanmı Paşinyana ağır zərbə vurduğunu düşünür?
Bu sualın erməni cəmiyyətində də yaranmasının səbəbi təqdim olunan səs yazısıdır.
Səs yazısında Nikol Paşinyan 2018-ci ilin may ayında Soçidə baş verən görüşdən danışır. Nikol Paşinyanın o görüşlə bağlı danışdığı şəxsin kimliyi və ümumiyyətlə, həqiqəti deyib-demədiyi bəlli deyil. Fakt isə odur ki, N.Paşinyan o danışığında faktiki olaraq qəhrəman obrazındadır.
N.Paşinyan deyir ki, Rusiya, Qazaxıstan və Belarus lideri rəsmi görüşdən sonra (2018-ci il may, Soçi) onunla qeyri-rəsmi söhbət ediblər.
“Putin, Nazarbayev və Lukaşenko gəlir və mənə deyirlər: “Sənin hazırda çox böyük reytinqin var, sənin Qarabağ problemini həll etmək şansın yaranıb”. Mən dedim, yaxşı, tarixi şans var, sizcə, problemi necə həll edək? Onlar mənə dedilər ki, “Lavrov planı”nda hər şey yazılıb, ordunu çıxarırsan, rayonları boşaldırsan və s. Onlar dedilər ki, təmas xəttində onların qüvvələri dayanacaq, hətta milçək də uça bilməyəcək”, – Paşinyan səs yazısında deyir.
Paşinyan Qarabağın statusu məsələsi müəyyənləşmədən bunu müzakirə etməyəcəyini dediyini iddia edir. Onlar (Putin, Nazarbayev, Lukaşenko) isə bildirirlər ki, narahat olma, Qarabağın Azərbaycanın tərkibində olmayacağı ilə Bakı artıq barışıb.
Bu məqamda Paşinyan aldadıldığını, siyasi tələyə salındığını düşündüyünü gizlətmir:
“Mən də dedim ki, yaxşı. Təklif etdim ki, onda hamısını sənədləşdirək. Mən də sənədi aparım və xalqa deyim ki, belə bir razılaşma var”, – Paşinyan deyir.
Ancaq liderlər buna etiraz edirlər ki, rəsmiləşmə olmayacaq, çünki sənədləşməni Bakı istəmir, sən qoşunları çıxart, rayonları boşalt, Qarabağın statusu gələcəkdə olacaq. Əgər Qarabağın statusu indi rəsmiləşsə, onda qarşı tərəf Qarabağı satan kimi qəbul oluna bilər.
Liderlərin bu etirazından sonra Paşinyan onu tovladıqlarını lap yəqin edir və deyir:
“Onda mən dedim: sizi başa düşdüm, Əliyev köhnə dostunuzdur, ona görə istəmirsiniz, amma istəyirsiniz ki, mən satqın olum”.
Paşinyan səs yazısında bildirir ki, bu söhbətdən sonra hansı yolla olursa-olsun, Aprel savaşında Ermənistanın dirəndiyi danışıqlar dalanından çıxmalı olduğunu anlayıb. O deyir ki, bunu hətta dəli kimi, adekvat olmayan açıqlamalarla etmək gərəkdir, təki bu lənət dairəsindən çıxaq.
Səs yazısı burada tamamlanır – daha doğrusu, Sərkisyanın təqdim etdiyi audio burada kəsir. Ardının olub-olmadığını isə erməni mediası da sual edir.
Sərkisyan bu faktdan bu cür istifadə edir: Paşinyanın “dəli kimi”, “adekvat olmayan” çıxışları müharibəyə və Ermənistanın kapitulyasiyasına səbəb olub.
Maraqlıdır ki, əslində Serj Sərkisyan bu səs yazısında özünün götürdüyü öhdəlikdən söhbət getdiyini guya anlamır. Söhbətdə də vurğulandığı kimi, Aprel savaşından sonra torpaqların azad edilməsi barədə Putun, Nazarbayev və Lukaşenkonun birmənalı tələbi ilə qarşılaşmasını, torpaqları azad etməkdən başqa yol olmadığını, mərhələli həll vədi verməsinin ifşa olunduğunu “unudub”, bu səs yazısını Paşinyana qarşı vasitə kimi istifadə etməyə çalışır.
Bunun yalnız bir səbəbi var: bu, köhnə siyasətçinin “bic” gedişidir. Paşinyan Aprel savaşından sonra Sərkisyanın öhdəlik götürdüyünü, torpaqları qaytarmağa razılaşdığını elan edib və bu səs yazısı da onun faktiki sübutudur. Bu səs yazısından özünə qarşı istifadə ediləcəyini dərk edən keçmiş prezident isə Paşinyanın “gizli danışığını” tirajlamaqla, özünün müzakirə predmeti olmasından yayınmağa, Paşinyanı müharibənin səbəbkarı olaraq göstərməyə və bütün diqqəti bu istiqamətdə qurmağa çalışır.
Əvəzində isə öz əli ilə özünü ifşa edir və hazırda erməni mediası yalnız bunu müzakirə etməklə məşğuldur. Əksəriyyət bu səs yazısı ilə Sərkisyanın Paşinyanın reytinqini qaldırdığını bildirir, hətta sual verirlər: “Sərkisyan, deyəsən, Paşinyana qarşı digər kompromatları yaymaqdan vaz keçdi. Çünki növbəti faktın da Paşinyanın reytinqini yüksəldəcəyini, deyəsən, kimsə ona anladıb”./axar.az