Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsi əbədiləşdirilib
İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib.
Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, onların adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.
Şəhidlərimizin ruhuna “Quran” oxunub, daha sonra ehsan verilib.
Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.