Lavrov yenə Qarabağın “status”undan danışdı
Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağda böyük insidentlər ümumiyyətlə yoxdur.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib.
“İndi bizim sülhməramlılar öz mandatını icra edirlər. Hansısa böyük insident ümumiyyətlə yoxdur. Bunu həm Bakı, həm də İrəvan etiraf edir. Ayrıca kiçik kobudluqlar kifayət qədər sürətli ləğv edilir. Bəli, Azərbaycan-Ermənistan sərhədinin ayrıca məntəqələrində gərginliklər var, amma bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur”, – deyə o bildirib.
O iddia edib ki, azərbaycanlılarla ermənilər Qarabağda yenidən ATƏT-in humanitar dəstəyi ilə yan-yana yaşamağa başlasalar, Qarabağın statusunu həll etmək asan olacaq:
“Qan axıdılması bitib, amma bizim tərəflərə təklif etdiyimizdən bir az gec bitib. Müharibənin gözləniləndən daha çox davam etməsi bizim günahımız deyil. Sülh daha gec əldə olundu, halbuki daha tez ola bilərdi. Biz yalnız vasitəçilər olmuşduq və tərəfləri məcbur edə bilməzdik, yalnız qan tökülməsinin mənasız olmasına çağıra bilərdik”.
Lavrov qeyd edib ki, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə əlaqələndirilməlidir, lakin indi bu məsələyə yox, bölgəyə dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır.
“Başa düşürəm. İndi çoxları deyir ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Bununla bağlı yekun razılığa gəlinməlidir. Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrləri yəqin ki, indiki mərhələdə status problemini qaldırmamalıdır, inamın möhkəmləndirilməsi, humanitar məsələlərin, azərbaycanlılar və ermənilərin yenidən yanaşı, birlikdə, təhlükəsizlikdə və iqtisadi rifah vəziyyətində yaşamasına kömək etməlidirlər. Onda mən sizi əmin edirəm ki, bir neçə ildən sonra statusun bütün problemləri daha asan həll olunacaq”, – Rusiya Xarici İşlər Nazirliyinin başçısı çıxışında bildirib.