“Biz tərəfləri öhdəliklərini yerinə yetirməyə çağırırıq” – ABŞ rəsmisi Bakıda hansı müzakirələr aparıb?

 

İyunun 8-də ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı Birləşmiş Ştatların prioritet hesab etdiyi mövzular ətrafında danışıqlar aparıb.

“Turan”ın məlumatına görə, bunu mətbuat konfransında Filip Riker deyib ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir.

Onun sözlərinə görə, görüş zamanı enerji və iqtisadi əlaqələr, insan hüquqları və təməl azadlıqlar, həmçinin regionda təhlükəsizlik məsələləri müzakirə olunub.

Dövlət katibinin köməkçisi qeyd edib ki, ABŞ Azərbaycanı strateji tərəfdaşı hesab edir. O, Azərbaycandan Avropaya qazın nəqlinə və bu qitənin enerji təhlükəsizliyini təmin edən TAP qaz dəhlizinin tikintisinin başa çatdırılmasına da toxunub.

Regionda vəziyyətdən danışan Filip Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən, gərginliyin artmasından və erməni hərbçilərin əsir düşməsindən narahat olduğunu ifadə edib.

O, minaya düşən azərbaycanlı jurnalistlərin də həlak olmasını kədərli hadisə adlandırıb: “Ermənistanla Azərbaycan arasında münaqişə zamanı çox sayda insan həyatı itirilib və yeni eskalasiyanın mümkünlüyü narahatlıq yaradır. Odur ki, hər iki tərəfi sərhədlərin demarkasiyası məsələlərini sülh yolu ilə həll etməyə və qoşunları sərhəddən çıxarmağa çağırırıq”.

Riker həmçinin ABŞ-ın hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında mümkün qədər tez və obyektiv danışıqlara başlamağa çağırdığını vurğulayıb.

Onun sözlərinə görə, ATƏT nəinki münaqişənin özünün, həm də onun humanitar məsələlər də daxil olmaqla, nəticələrinin həllinə kömək etməyə hazır olan təşkilatdır.

Riker insan hüquqları və əsas azadlıqlar, o cümlədən vətəndaş cəmiyyəti və müstəqil media məsələlərinin vacibliyindən də danışıb. O bildirib ki, İlham Əliyevlə görüş zamanı bunlar da müzakirə edilib.

“ABŞ Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına necə kömək edə bilər” sualının cavabında Riker deyib ki, sərhədlərin keçmiş SSRİ çərçivəsində demarkasiyası vacibdir.

“Bu, həm də texniki prosesdir və ABŞ bunda texniki yardım göstərməyə hazırdır” – dövlət katibinin köməkçisi bildirib.

O daha sonra əlavə edib: “Biz hər iki tərəfi qoşunlarını çıxarmağa və demarkasiya prosesinə başlamağa çağırırıq”.

Rikerin sözlərinə görə, dövlət katibi Entoni Blinken və prezident Co Bayden çox aydın şəkildə bildiriblər ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münaqişənin həllinin axtarışında iştirak etmək niyyətindədir.

Riker ABŞ-ın bu səyləri Minsk Qrupunun digər üzvləri – Rusiya və Fransa ilə birlikdə davam etdirmək niyyətində olduğunu da qeyd edib.

“ABŞ Qarabağda sülhyaratma məsələsində Rusiyanın inhisarına necə baxır?” sualına Rikeri müşayiət edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şafer cavab verib.

O deyib ki, barışıq haqda üçtərəfli bəyanat rusiyalı sülhməramlıları dəvət edən tərəflər arasında imzalanıb: “Biz atəşkəsi alqışlayırıq və tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu sənəd sülhməramlıların beşillik mövcudluğunu nəzərdə tutur. Hər iki tərəfin bu vaxtdan istifadə etməsi və davamlı sülhün bərqərar olması çox vacibdir”.

Şafer əlavə edib ki, prosesə digər iştirakçılar və qüvvələr də cəlb oluna bilər, ancaq bu barədə beş ildən sonra danışmaq lazımdır.

ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 6-dan Cənubi Qafqazda səfərdədir. Onun Bakıdan sonra Yerevanda danışıqlar aparacağı gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password