Energetika naziri: Türkiyə ilə yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır
Energetika naziri Pərviz Şahbazov “Turkuvaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “IV Energetika və Təbii Sərvətlər Zirvəsi”ndə iştirak edib.
Nazirlikdən verilən məlumata görə, P.Şahbazov “Türkiyənin enerjisi – Pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək” devizi altında təşkil olunan tədbirdə çıxış edib. Türkiyənin enerjisinin böyük bir coğrafiyanı aydınladaraq təhlükəsizliyi, sabitliyi, inkişaf və tərəqqini təmin etdiyini vurğulayan nazir bu ölkənin vizyonunun postpandemiya dövründə də region üçün strateji əhəmiyyət daşıyacağını qeyd edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayan müstəqil enerji siyasətimiz Türkiyə ilə birgə həyata keçirilərək Avrasiya məkanına “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, TANAP, “Cənub Qaz Dəhlizi” kimi qlobal enerji-kommunikasiya layihələrini qazandırıb. Birgə siyasi iradənin məhsulu olan bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığımızı davamlı prosesə çevirir: “İndiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 437 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql olunub. 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Bu dövrdə TAP ilə Avropaya 2,3 milyard kubmetr qaz ixrac edilib. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın enerji xəritəsində imzalarını ifadə edir.”
Nazir ortaq hədəflərə doğru həmrəyliklə hərəkətin digər töhfəsi kimi SOCAR-ın Türkiyədə neft emalı – neft-kimya – enerji və logistika inteqrasiyası layihəsində, təbii qazın paylanmasında iştirakını qeyd edib. Bildirilib ki, “STAR” Neft Emalı Zavodu, Petkim və digər layihələr də daxil olmaqla enerji sahəsində müştərək işbirliyimiz Azərbaycanın Türkiyədəki sərmayəsinin sütununu təşkil edir: “Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər. Bu isə iki ölkə arasındakı siyasi etibardan, etimaddan və əlbəttə ki, qardaş güvənindən irəli gəlir”, deyə nazir əlavə edib.
Çıxışda həmçinin energetika sektorunda planlaşdırılan layihələr, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqdan bəhs edilib. Nazir deyib ki, artıq yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır: “Azad olunmuş ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Türk şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdırlar. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər.”
Nazir onu da əlavə edib ki, ərazi bütövlüyümüzün bərpasının yaratdığı imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Hazırda yeni reallıqların yaranması, Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi isə məhz iki ölkənin liderlərinin -cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir.
Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Beynəlxalq Enerji Agentliyinin icraçı diektoru Fatih Birolun da qatıldığı tədbir üç panel üzrə çıxışlar və müzakirələrlə davam etdirilib.