Azərbaycanın iki media işçisi minaya düşərək həlak olub, üç nəfər yaralanıb
Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Medianın İnkişafı Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Azərbaycan Televiziyası bu gün Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı birgə məlumat yayıb.
“İşğaldan azad olunan ərazilərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qrupları fəaliyyət göstərir. Həmin qrup işğaldan azad olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirir.
İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov həlak olub, yaralananlar var.
AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.
Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.