“Kəlbəcərin qızıl yataqları 3-4 dəfə artırılacaq” – Iqtisadçı
Xəbər verildiyi kimi Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.
İqtisadçı- ekspert Qubad İbadoğlu Kəlbəcərin faydalı qazıntılarının türk şirkətlərinə verilməsini təqdirəlayiq addım kimi qiymətləndirib:
“Türkiyən Cengiz holdinqinə məxsus olan mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir. Cengiz holdinq İstanbul hava limanını, Azərbaycanda Şəmkirçay su anbarını tikib. Cengiz Holding’in sahibi və rəhbəri Türkiyənin məşhur iş adamı Mehmet Cengizdir. O “Eti Bakır A.Ş.” şirkətini 2004-cü ildə özəlləşdirərək Holdinqə qatıb.
“Artvin Maden A.Ş.” Türkiyəli iş adamı Ömer Faruk Kalyoncu’ya aid olan Zirve Holding ortaklığındadır. Yataqlara gəlincə, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Bu yataq Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunub. Qızılın orta miqdarı 6.72 q/t olub”.
Ekspert əlavə edib ki, asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur:
“Elbəydaş və Ağduzdağ filiz yataqları Murovdağ ətəyindədir.
Nədənsə, Söyüdlü (Zod) yatağından xəbər yoxdur. Belə çıxır ki, bu yataq əvvəlki kimi rusların idarəçiliyindədir. Türklərə Allah xeyir versin, onların haqqı bundan da artığına çatır. Əsas odur ki, şəffaflıq və hesabatlıq olsun, eyni zamanda təbiətə ziyan vurulmasın”.