İlham Əliyev Ağdamdan ermənilərə nə kimi mesajlar verdi

 

İlham Əliyev Ağdamda çıxışı zamanı üç əsas mesaj verdi.

Birincisi, sərhədlərin bərpası prosesi eyni qaydada aparılacaq.

Bu, Laçın-Gorus sərhədində baş verənlərlə bağlı ABŞ və Fransa başda olmaqla Qərb ölkələrinin Bakıya “geri çəkilin” çağırışlarına “geri çəkilməyəcəyik” cavabıdır: Ermənistan dövlət sərhədinin müəyyənləşməsi ilə bağlı Bakının tələblərini qəbul etməsə belə, Azərbaycan əsgəri erməni hərbçilərini sərhəddən qovacaq və xəritəyə uyğun demarkasiya işlərini həyata keçirəcək.

İkincisi, təhlükə yaranacağı təqdirdə, düşmən dərhal məhv ediləcək.

Əliyev Ermənistana “Dəmir yumruğ”un qüvvədə olduğunu növbəti dəfə göstərir. Hərçənd, sərhəddə son təxribatlarla bağlı danışarkən səslənən bu fikir Kəlbəcər istiqamətində saxlanılan 6 erməni diversatın buraxılması çağırışlarını edən qüvvələrə də ünvanlanıb:

– Erməni diversantlar Azərbaycana qarşı hücum etdiyi üçün zərərsizləşdirildi;
– Eyni təhlükəyə qarşı eyni addımların atılması davam etdiriləcək;

Üçüncüsü və erməniləri narahat edən məqam Əliyevin “30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər” sözləridir.

Prezident bu fikri bir neçə dəfə səsləndirib, hesab etmək olar ki, Ermənistanın düşdüyü vəziyyəti əks etdirən sözlərdir. Hərçənd, Ermənistanda belə düşünmürlər və Azərbaycan prezidentinin bu fikirləri hər dəfə iki versiya üzərində müzakirəyə səbəb olur.

– birinci versiya: Əliyev Rusiyaya sərhədlərini qoruduğu Ermənistanın dövlət qura bilmədiyini və öz subyektinə çevirmək çağırışını edir;

Rusiya-Ermənistan quru əlaqəsinin olmaması bu versiya üzərindən çıxış edən ermənilərin mövqeyini zəiflədir.

– ikinci versiya: dövlət ola bilməyən Ermənistan Türkiyə və Azərbaycanın quberniyası olmalıdır, Əliyev fikirlərinin arxasında bu niyyət var;

Bu versiyanı irəli sürənlər Qarabağda separatizmin banilərindən, ideoloq hesab olunan İqor Muradyanın sözlərinə əsaslanırlar.

İ.Muradyan 2018-ci ildə yazırdı ki, 1998-ci ildə Heydər Əliyev və Süleyman Dəmirəl Ermənistanın Türkiyə və Azərbaycanın quberniyasına çevirəcək strategiya hazırlayıb, rəsmi Bakı İlham Əliyevin dövründə də bu strategiyanı tətbiq edir.

Bölgədə bu versiyanı gücləndirən mənzərə var: müharibədən sonra Ermənistan Bakı və Ankaranın coğrafi məngənəsinə düşüb; kommunikasiyanın açılması bu məngənəni daha da sıxacaq və siyasi təsiri gücləndirəcək;

Əliyevin ermənilərin dövlət ola bilmədiyini 28 may tarixində – Ermənistanın respublika günündə açıqlaması da diqqət çəkir.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password