“Ermənistan sərhəddə durumu qəsdən gərginləşdirir” – Sabiq nazir
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan sərhədin mübahisəli sektorunda beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə çağırıb.
O Ermənistan Təhlükəsizlik Şurasının mayın 27-də keçirilən iclasında deyib ki, təxribatlar aradan qaldırılmasa, bu, genişmiqyaslı toqquşmaya səbəb ola bilər: “Müşahidəçilərin olması hər iki tərəfin razılaşmanın şərtlərinə əməl etməsini təmin edər. Müşahidəçilər sərhəd məntəqələrinin müəyyənləşdirilməsindən sonra yerləşdirilməlidir. Azərbaycan həqiqətən də sərhəd məntəqələrini müəyyənləşdirmək istəyirsə, o belə bir plandan imtina etməməlidir. Bu bəyanatımı rəsmi mövqe kimi Rusiyaya, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə və Azərbaycana ünvanlayıram. Ümid edirəm ki, bu təklif qəbul olunacaq. Əgər biz bu yolla getməsək vəziyyət nəzərətdən çıxacaq”.
Nikol Paşinyan bildirib ki, sərhədin mübahisəli hissələrində Rusiya və ya ATƏT-in Minsk qrupuna həmsədr olan daha iki ölkənin – ABŞ və ya Fransanın müşahidəçiləri yerləşdirilə bilər. Bununla da Paşinyanın əsl məqsədi ortaya çıxıb. ABŞ-ın bölgəyə əsgər göndərmə ehtimalı az olduğundan, Paşinyan sərhəddə Fransa hərbiçilərini cəlb etməyə çalışır.
Bununla da sərhəd zolağındakı Azərbacan torpaqlarını işğal altında saxlamağa çalışır.
Təsadüfü deyil ki, ATƏT-in Minsk qrupunun və ABŞ Dövlət Departamentinin verdikləri bəyanatda bu qurumlar tərəflərə sərhədin demarkasiyasında dəstəyə hazır olduqlarını açıqlayıblar.
Azərbaycan hökuməti Paşinyanın bu təxribatçı çağırışını qəbul etməyəcəyi şübhə doğurmur. Prezident Əliyev dünən Ağdamda verdiyi açıqlamalarda bunun mesajını verdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev “Azadlıq” radiosuna qısa şərhində bildirib ki, sərhəd məsələsinə ABŞ-ın cəlb olunmasının tərəfdarı deyil: “Bizim statusumuz fərqlidir. Şəxsən düşünürəm ki, ABŞ son zamanlar qərəzli mövqe nümayiş etdirir. Ona görə sərhəd məsələsinə cəlb edilməsinin tərəfdarı deyiləm. Bu mənim şəxsi fikrimdir”.
Azərbycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, son günlər sərhəddə baş verənlər Ermənistan daxilində qərbpərəstlərlə, rusiyapərəstlərin mübarizənin təzahürüdür.
Onun fikrincə, özəlliklə Qarabağdakı 44 günlük müharibədən sonra Nikol Paşinyanın və Ermənistan cəmiyyətinin Rusiyaya inamı itib.
Tofiq Zülfüqarovun fikrincə, Paşinyan fərqindədir ki, qərbyönümlü siyasətinə görə Rusiya onu cəzalandıra bilər: “Bu məsələlər də ilk növbədə Zəngəzur dəhlizinə aiddir. 10 noyabr razılaşmasına əsasən, məhz həmin ərazidə kommunikasiya xətləri açılmalı idi. Bu təhlükənin qarşısını almaq üçün Ermənistan durumu gərginləşdirir. Qərbin diqqətini cəlb eləmək üçün orada münaqişə ocağı yaratmağa çalışır».
Tofiq Zülfüqarovun fikrincə, Paşinyanın məqsədi Qərb qüvvələrinin, vasitəçilər, müşahidəçilər, ola da bilər ki, sülhməramlıların iştirakı ilə Ermənistanın sərhədini qorumağı təmin etməkdir.
Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan indiki mərhələdə Qərb müşahidəçilərinin hadisələrə müdaxiləsini istəmir. Çünki onlar sonradan başqa məsələləri də,məsələn Qarabağın statusunu də gündəmə gətirə bilər./azpolitika.info