UEFA Avropa Liqasının qalibi müəyyənləşib

 

UEFA Avropa Liqasında final oyunu keçirilib.

Həlledici görüşdə İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. 29-cu dəqiqədə Jerar Moreno “Vilyarreal”ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani “Mançester Yunayted”in bərabərlik qolunu vurub.

Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, fransalı FIFA referisi Kleman Türpen penaltilər seriyası başlatıb. Bu zaman daha dəqiq olan “Vilyarreal” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub – 11:10. Komandaların heyətindəki bütün 11 futbolçunun yerinə yetirdiyi ümumilikdə 22 zərbəni yalnız “Mançester Yunayted”in qapıçısı David De Xea dəqiq vura bilməyib.

Bu qələbə sayəsində “Vilyarreal” həm də 2021/2022 mövsümündə Çempionlar Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “Vilyarreal” “Qarabağ”ın yer aldığı I qrupundan lider kimi pley-off adlayıb və tarixində ilk dəfə yüksəldiyi finaldan qalib ayrılmağı bacarıb. Komandanın baş məşqçisi Unay Emeri isə 5-ci finalında 4-cü dəfə titul əldə edib.

İspaniyalı mütəxəssis 2013 – 2016-cı illərdə ölkəsinin “Sevilya”, 2018/2019 mövsümündə isə İngiltərənin “Arsenal” komandası ilə finala çıxmağı bacarıb. “Sevilya” ilə ilk 3 finalda qələbə qazanan Emeri London klubunun sükanı arxasında olarkən isə Bakıda baş tutmuş həlledici oyunda digər İngiltərə təmsilçisi “Çelsi”yə məğlub olub. 50 yaşlı mütəxəssis həmçinin 3 fərqli komanda ilə final görən ilk baş məşqçi kimi tarixə düşüb.

“Mançester Yunayted” də indiyədək cəmi bir dəfə – 2016/2017 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

UEFA Avropa Liqası
Final
23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 1:1 (PENALTİLƏRLƏ – 11:10)

Qollar: Jerar Moreno, 29 – Edinson Kavani, 55
Penaltilər seriyası
Jerar Moreno (1:0)
Xuan Mata (2:0)
Daniel Raba (2:1)
Aleks Telles (2:2)
Pako Alkaser (3:2)
Brunu Fernandeş (3:3)
Alberto Moreno (4:3)
Markus Reşford (4:4)
Daniel Parexo (5:4)
Edinson Kavani (5:5)
Moy Qomes (6:5)
Fred (6:6)
Raul Albiol (7:6)
Daniel Ceyms (7:7)
Fransis Koklen (8:7)
Lük Şou (8:8)
Mario Qaspar (9:8)
Aksel Tuanzebe (9:9)
Pau Torres (10:9)
Viktor Lindelöf (10:10)
Jeronimo Rulli (11:10)
David De Xea (11:10)

Baş hakim: Kleman Türpen (Fransa)
Polşa, Qdansk stadionu.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password