Hərbi attaşelər düşmənin dövlət sərhədindəki təxribatı barədə məlumatlandırılıb

 

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün brifinq təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinqdə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov 27 may saat 03:00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti, diversiya qruplarının dövlət sərhədimizi keçməsi, ərazilərimizin daxilində minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərməsi barədə qonaqlara ətraflı məlumat verib.

General-mayor H.Mahmudov qeyd edib ki, dövlət sərhədindəki insidentlə əlaqədar Azərbaycan tərəfi ictimaiyyəti dərhal və obyektiv məlumatlandırıb. Azərbaycandan fərqli olaraq Ermənistan isə həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti məsələnin həqiqi mahiyyətindən yayındırmaq üçün bir-birini təkzib edən dezinformasiyalar yaymaqla məşğul olub.

“Xüsusi qeyd edim ki, Ermənistanın törətdiyi təxribat məqsədyönlü xarakter daşıyıb və Azərbaycan Respublikasının suveren sərhədləri çərçivəsində baş verib. Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış gərginlik yalnız danışıqlar yolu, sərhədin delimitasiya və demarkasiyası aparılmaqla həll olunmalıdır”, – deyə general-mayor H.Mahmudov bildirib.

Sonda general-mayor H.Mahmudov qonaqları maraqlandıran sualları cavablandırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password