Politoloq: “Bu dəfə müharibə Qarabağda olmayacaq“
“Azərbaycan müharibədə qələbə qazandıqdan sonra Ermənistanla sərhədi müəyyənləşdirməyə başlayıb. Bu normal proses Ermənistanda narazılıq yaradıb. Çünki 30 ilə yaxındır sərhədin nə olduğunu bilmirdilər, Qarabağ və ətraf rayonların əbədi nəzarətlərində qalacağını zənn edirdilər və buna alışmışdılar”.
Bunları “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq indi Azərbaycan hərbçilərinin ermənilərin bu “alışqanlığına” son qoyduğunu vurğulayıb:
“Ermənistan hakimiyyəti çox istəyir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə müdaxilə etsin. Ancaq Rusiya və təşkilat prosesə müdaxilə etmir və bu, İrəvanın daha çox narazılığına səbəb olur. Ermənilər bu məsələdə özlərini təklənmiş kimi hiss edirlər.
Bu arada Ermənistan belə bir xəbər yaydı ki, Azərbaycan sərhədçiləri atəş açıblar və bir erməni hərbçisi həlak olub. Ancaq bu xəbəri rəsmi Bakı təkzib etdi. Əksinə bizə tərəf atəş açırlar”.
Siyasi şərhçi qeyd edib ki, Ermənistan hakimiyyətinin məqsədi sərhəddə vəziyyəti gərginləşdirmək və Rusiyadan dəstək almaqdır:
“Çünki Ermənistan müharibədə itirdiklərinin yerini doldura bilməyib, sərhədini qorumayacaq duruma sürüklənib. Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşdə Rusiyanın işə qarışmasını xahiş edib. Rusiya niyə müdaxilə etməlidir ki? Sərhəd iki dövlət – Azərbaycan və Ermənistan arasında həll olunmalıdır. Əgər Rusiya prosesə müdaxilə edərsə, Rusiyanın Azərbaycanın münasibətləri gərginləşəcək. Kreml bunu istəmir. Rəsmi Bakı isə bunun qarşılığında Ermənistana gizli yollarla ötürülən “İsgəndər – M” raketləri məsələsini qabartmamağa qərar verib. İyunun 20-də Ermənistanda parlament seçkisi keçiriləcək. Rusiya Ermənistanda hakimiyyətə kimin gəlməsini müəyyənləşdirmək istəyir. Azərbaycanı isə Ermənistandakı parlament seçkisi və onun nəticələri maraqlandırmamalıdır”.
Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan fasilə vermədən sərhədin müəyyənləşdirilməsi prosesini davam etdirməlidir:
“Sərhəd müəyyənləşdikcə Azərbaycan sərhədçiləri strateji məntəqələrə nəzarəti ələ keçirirlər. Bu sıraya Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini göstərə bilərik. Bu Azərbaycan üçün strateji üstünlük qazandırır. Bu, o deməkdir ki, Ermənistan gələcəkdə yenə Azərbaycana qarşı təxribata baş vurarsa, yenidən Qarabağda separatçılığa başlayarsa, bu halda müharibə yalnız Qarabağı əhatə etməyəcək. Bu dəfə Azərbaycan ordusu sərhəddən nəzarət saxladığı Ermənistanın yollarını, hava limanlarını və şəhərlərini hədəf seçəcək”.