Babayevlər ETSN-də daha nə kimi işlər çevirir?
2018-ci ilin aprel ayında Muxtar Babayevin gözlənilmədən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsindən Ekologiya və Təbi Sərvətlər naziri təyin edilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Düzdür buna qədər Muxtar Babayev 2-3 il SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində də işləmişdi. Amma onun bu təcrübəsi respublikanın şərqindən qərbinə,cənubundan şimalına təbii sərvətlərinə nəzarət etməyə və ekoloji problemlərinin həll olunmasına kifayət edirdimi?
Muxtar Babayevin bu nazirliyə gətirilməsi nəyi dəyişdi? Onu deyə bilərik ki, ilk günlərdən nazirlikdə köklü kadr dəyişiklıkləri baş verdi. Muxtar Babayevin vaxtı ilə SOCAR-da çalışdığı döst-tanışları,qohumları yavaş-yavaş ekologiya sisteminə transfer olundular. Onlara nazirlikdə bir sıra aparıcı vəzifələr tapşırıldı. Biz təbii ki,burada onları bir-bir sadalamaq fikrində deyilik. Yalnız Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyin olunduqdan az sonra qurumun Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru vəzifəsinə gətirdiyi Fizuli Babayevin fəaliyyətinə ötəri bir nəzər salmağa çalışacağıq. Açıq mənbələrdən əldə etdiyimiz məlumatlara görə Fizuli Babayev də uzun müddət SOCAR-ın nəqliyyat idarələrində çalışıb,hətta rəis də olub. Qeyri rəsmi mənbəldərdən əldə etdiyimiz məlumatlara görə Quba rayonunda anadan olmuş Fizuli Babayevi nazir Muxtar Babayevlə yaxın və ya uzaq qohumluq telləri bağlayır.
Bəs Fizuli Babayevin direktoru olduğu Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin fəaliyyəti nədən ibarətdir? Qurumun balansında ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə istifadə edilən xeyli sayda nəqliyyat vasitələri var. Bu nəqliyyat vasitələrinin hərəkət cədvəlindən tutmuş,bütün maddi-texniki məsələlər də məhz sözügedən idarənin səlahiyyətlərinə daxildir.
Aktualinfo.org son illər dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinə ayrılmış vəsaitlərin hansı məqsədlər üçün sərf olunması ətrafında kiçik bir araşdırma aparnmışdır. Açıq mənbələrdə müxtəlif işlərin görülməsi üçün idarənin dövlət satınalmaları yolu kifayət qədər ciddi məbləğlər ayırdığı barədə məlumatlar var. Qeyd edək ki,bu məlumatlar ictimaiyyət üçün nə qədər açıq görsənsə də,bir o qədər də qapalıdır. Nədir bunların gözlə görünməyən tərəfləri? Elə biz də Fizuli Babayevin Mexaniki Təminat İdarəsinə direktor təyinatından sonra keçirilmiş tenderlərin bir qismində bu qaranlıq məsələlərə cavab axtarmağa çalışdıq.
Qurum fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu ilə 10.07.2020-ci il və 06.05.2021-ci il tarixlərdə nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri, şin və akkumulyatorların satın alınması üzrə müvafiq olaraq 563473.6 və 570501.68 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu yuxarıda qeyd etdiyimiz xidmətlərin satınalmasına on ay ərzində 1 133 975 manat vəsaitin ayrılması deməkdir. Buraya nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif akkumulyatorların satın alınması üçün ayrılmış 121556.52 manatı da əlavə etsək, bu on ay ərzində bir fiziki şəxslə 1255531 manat satınalma müqaviləsinin bağlanılması deməkdir.
Bəs Fərzəliyev Sabir Təvəl oğlu kimdir? Fiziki şəxs kimi Quba rayon Vergilər İdarəsində Dövlət qeydiyyatına alınıb. Prezident İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamına əsasəsən Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərın təltif edilməsi siyahısında Fərzəliyev Sabir Təvəl oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunduğu barədə məlumat var. Sözügedən şəxsın bir fiziki şəxs olaraq kənd təsərrüfatının inkişafında nə kimi xidmətləri olub,deyə bilmərik, amma respublikanın şimal bölgəsində bir çox müəssisələrin elan etdiyi tenderlərin qalibi olması barədə məlumatlar yetərincədir. Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin elan etdiyi tenderin qalibi olmasında da çox güman ki,bir yerli kimi Fizuli Babayevin rolu olub.
Qurumun ikinci bir daimi müştərisi “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətidir ki,30.07.2019-cu il tarixdən 18.11.2020-ci il tarixə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli bir neçə qurumun keçirdiyi 12 tenderin qalibi olub. Onlardan 4-də Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin payına düşür.
Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (B) əsaslı təmiri işləri”nin satın alınması üzrə 157 624.49, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin inzibati binasının (A) təmiri, abadlaşdırma işlərinin satınalınması üzrə 294 831.08, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin ərazisində yerləşən obyektlərin əsaslı və cari təmiri işlərinin satın alınması üzrə müvafiq olaraq 189 567 və 49 812 manat məbləğində satınalmaların qalibi olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ESE” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.09.1993-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,CƏFƏR XƏNDAN, ev 3,m. 23, qanuni təmsilçisi kimi isə Mehdizadə Hafiz Muqbil oğlu qeyd olunub.
Təminat İdarəsinin daha bir daimi müştərisi isə “İRMİS” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 2019-cu ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi Nəqliyyat vasitələri və texnikaların icarəsi xidmətinin satın alınması üzrə 514 428.08 manat,Nəqliyyat vasitələri və texnikaların icarəsi üzrə 226 189.48 manat, Nəqliyyat vasitələri və texnikalar üçün müxtəlif şinlər üzrə 264 718.84 manat, Nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələri üzrə 296 484.59 manat,yəni ümumi olaraq 1 301 820 manat məbləğində müqavilə bağlamaşdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İRMİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.02.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MƏHƏLLƏ 3097, ev ETK 2, qanuni təmsilçisi kimi isə Babuşov Hüseyn Baba oğlu qeyd olunub.
Sözügedən şəxsin maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair cavabdeh qismində məhkəməyə cəlb olunması barədə internet resusrslarında məlumatlar var. Son bir ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 1,3 milyon manatlıq tender müsabiqəsi udan şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Daha bir daimi müştəri isə “AZƏRMAŞ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir.Yolsuzluq şəraitində hərəkət edə bilən 28-30 yerlik avtobusların satın alınması üzrə 168 000 manat, yüksək keçicilik qabiliyyətli yük-sərnişin tipli nəqliyyat vasitələrinin satın alınması üzrə 136 800 manat, tam ötürücülü bortlu yük avtomobillərinin satın alınması üzrə 288 000 manat,yəni 10 ay ərzində ümumi olaraq 592 800 manat məbləğində satınalma müqavilələri də “AZƏRMAŞ GROUP” MMC ilə bağlanılıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRMAŞ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SÜLEYMAN RƏHİMOV, ev 195, m. 8, qanuni təmsilçisi kimi isə Adıgözəlov Rövşən Rəfail oğlu qeyd olunub. Rövşən Adıgözəlov həm də “UNİON LİZİNQ” Açıq Səhmdar Cəmiyyətin qanuni təmsilçisidir.
Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi “YUQ” balıqçı gəmisinin əsaslı təmiri işləri”nin satın alınması üzrə 01.12.2020-ci il tarixdə 224 385.26 manat,cəmi beş ay sonra 19.04.2021-ci il tarixdə 224 063.19 manat satınalma müqavilələri “SAQA GƏMİ TƏMİRİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAQA GƏMİ TƏMİRİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08.08.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, AFİYƏDDİN CƏLİLOV, ev 6, m. 3, qanuni təmsilçisi kimi isə Qədirov Nəriman Qüdrət oğlu qeyd olunub.
İdarənin daha bir maraqlı müqaviləsi isə sərnişindaşıma, yükdaşıma və torpaq işlərinin görülməsi xidmətlərinin satın alınması üzrə “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Qeyd etdiyimiz xidmətlərin göstərilməsinə Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi 494 461.3 manat məbləğində vəsait ayırıb.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNISERVICE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.09.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU,AZADLIQ PR., ev 196, m. 114, qanuni təmsilçisi kimi isə Mütəllimov Samir Adil oğlu qeyd olunub.
Açıq mənbələrdən əldə etdiyimiz bu məlumatlardan da göründüyü kimi Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin keçirdiyi tenderlərin böyük əksəriyyəti bir neçə MMC-lərlə həyata keçirilib. Yəni idarə bütün işləri daimi müştərilərinə həvalə edir,satınalmalar haqqında qanunun tələblərinə zidd olaraq eyni şirkətlərlə işbirliyi qurur. Hansı ki, həmin MMC-lərin barəsində adlarından başqa heç bir məlumat yoxdur. Baxmayaraq ki,kifayət qədər ciddi məbləğlərdə tenderin qalibləri olublar,amma bu MMC-lərin nəinki bir veb-səhifəsinə, hətta sosial şəbəkə hesablarına belə rast gəlmək mümkün deyil. Bunlar şübhəli məsələlərin birinci tərəfi. İkinci maraqlı tərəf isə ondan ibarətdir ki, tenderlərdə nəqliyyat vasitələri və texnikalar üçün satınalması nəzərdə tutulan ehtiyat hissələri,sürtgü yağları, şin və akkumulyatorların böyük əksəriyyətini sürücülər şəxsi vəsaitləri hesabına alırlar. Bunlar açıq mənbələrdə təbii ki,göstərilmir. Bunları biz müxtəlif yollarla,şəxsi mənbələrimiz vasitəsi ilə öyrənə bilmişik. Bəs ayrılan milyonlarla dövlət vəsaiti hara gedir? Təbii ki,Muxtar və Fizuli Babayevlər hamıdan yaxşı bilər
Aktualinfo.org