Qarabağda həbs edilən ermənilər hakim qarşısına çıxarılır
Qarabağda azərbaycanlı əsgərlərə işgəncə verməkdə, digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşları – 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi araşdırılması üçün hakim icraatına verilib.
Cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş Qarabağ savaşı beynəlxalq humanitar normalarını kobud şəkildə pozaraq insanlıq, müharibə cinayətləri törətmiş və uzun illər ərzində havadarlarının dəstəyi ilə istintaqdan qaçıb gizlənmiş şəxslərin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradıb.
Məlum olduğu kimi, Ermənistan Respublikasının rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.
İstintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20 may 2021-ci ildə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.