Erməni özünümüdafiə dəstələri Azərbaycan postlarının qarşısında peydə olarsa…
“Azərbaycanın Dağlıq Qarabağ və Ermənistan yaxınlığındakı bütün mövqelərini gücləndirməlidir”
Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan mayın 17-də jurnalistlərlə görüşündə çox qəribə açıqlamalar verdi. Əvvəlcə, o, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın azərbaycanlılara Ermənistanın Tavuş bölgəsində 8, Araratdan isə bir kənd verəcəyini söylədi.
“Bu, Ermənistanın Sünikə gedən yolunu itirəcəyi anlamına gələn Kərki kəndidir. Onsuz da verəcək, bu şeytandan əminəm. Ərazimizdə olan azərbaycanlıların əsir alınması üçün əmr verilməyib. Orduya qorxaq Vaqarşak Arutyunyan və Artak Davtyan rəhbərlik edir. Bu insanlar müharibə görməyiblər”, – deyə Baqratyan şikayətləndi.
Ermənistanın keçmiş Baş nazirinin sözlərinə görə, azərbaycanlılar Qaragölün o tərəfində hərbiləşdirilmiş yaşayış məntəqəsi inşa edəcəklər. O, düşmənin – Azərbaycanın Sisian və Gorus şəhərlərinin içməli su aldığı Qaragöl üzərində nəzarəti quraraq mövqeləri ələ keçirməsinə diqqət çəkdi.
“Diqqətli olsanız, düşmənin əsasən su olan yerləri tutduğunu görərsiniz”, – deyə Baqratyan bildirdi.
Konstitusiyaya görə, Prezidentin ölkənin ərazi bütövlüyündən məsul olduğunu da vurğuladı: “Ancaq o qaçdı, öz işlərini Moskvada oturaraq görür. Və Moskvadan qayıtmayacaq. Bu günlərdə Prezidentin özü deyil, aparatı məlumat yayır. Çünki Prezidentin Azərbaycan neftində payı var və elə ona görə də boru kəmərini vurmağımıza və müharibəni bitirməyimizə imkan vermədi. Mükəmməl bir xəyanətlə qarşılaşırıq. Düşmən Sisianın sərhədində deyil, düşmən İrəvandadır”.
Baqratyan insanları Azadlıq Meydanında toplanmağa çağırd: “Kağız və qələm gətirəcəyik. Özünümüdafiə dəstələrinə qoşulmaq istəyənlər gəlsinlər. Onlardan bir döyüş vahidi yaratmağa çalışacağıq. Başqa çıxış yolu yoxdur”.
Birincisi, bu şəxs Ermənistan hakimiyyətinin planları və Azərbaycan tərəfinin niyyətləri barədə bu qədər məlumatı haradan əldə edib? Xəstə xəyallar? İkincisi, keçmiş Baş nazirin yaratmaq istədiyi özünümüdafiə dəstələri birdən-birə Azərbaycan ordusunun Zəngəzurdakı postlarının yanında ortaya çıxsa, bu, nəyə səbəb ola bilər? Azərbaycanda olan erməni terrorçuların sayının artmasınamı? Yoxsa bu dəfə su mənbələri uğrunda yeni bir müharibəmi başlaya bilər?
Mövzunu Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun şərh edib:
“Zənnimcə, Qrant Baqratyan bir avantüristdir. Çünki bir dəfə bu adamı artıq Baş nazir olmadığı zaman beynəlxalq bir konfransda gördüm və ondan aldığım təəssürat bir növ primitiv bir avantüra oldu. Hesab edirəm ki, hazırkı açıqlamaları heç bir şeyə dəymir. Çox güman ki, Köçəryanın koalisiyasında yer almaq istəyir və buna görə də belə açıqlamalar verir. Bəlkə də hansısa yüksək vəzifə tutmağı hədəfləyir. İndi Ermənistanda belə açıqlamalar dəbdədir.
Bu gün Ermənistandakı siyasi vəziyyət 1992-1993-cü illərdə Azərbaycandakı vəziyyətə bənzəyir. O zaman cəbhədə uğursuzluqlar yaşadıq və bu, daxili siyasi vəziyyətə təsir etdi. Buna görə Baqratyanın açıqlamalarını ciddiyə almaq çətindir. Buna baxmayaraq, su mənbələri ilə bağlı müəyyən nüanslar var. Burada düşünürəm ki, o, bir qədər haqlıdır. Digər tərəfdən, müharibə zamanı Azərbaycan qoşunlarının Suqovuşanı necə aldığını bilirik, amma Sərsəng su anbarını geri qaytarmaq cəhdləri barədə heç danışılmadı. Baxmayaraq ki, bu, bizim üçün daha vacib idi. Məsələ burasındadır ki, Suğovuşan aran Qarabağı su ilə təmin edir, Sərsəng isə Xankəndi, Xocalı, Xocavənd və s. yerləri. Buna görə də düşünürəm ki, o zaman Azərbaycanın bu su anbarını öz nəzarətinə qaytarmasına imkan verməyən Rusiya idi.
Su problemi təbii ki, həm Ermənistanda, həm də Azərbaycanda var. Bu, su ehtiyatlarının qıtlığı və tükənməsi problemidir. Ancaq düşünmürəm ki, buna görə müharibə başlaya bilər. Ermənistan hərbi və iqtisadi cəhətdən məğlub olduğu üçün bunu edə bilməz. Və heç kim belə bir məsuliyyət daşımayacaq. Bütün bu ritorika seçkilərdə bəzilərinin xal qazanmağı hədəfləməsindən başqa bir şey deyil.
Ancaq belə vəziyyət müharibə təhlükəsi olmadığı anlamına gəlmir. Bu barədə 10 noyabrdan dərhal sonra danışdım. Bu, daha ciddi iştirakçılarla birgə regional müharibə ola bilər. Ancaq bunun Qarabağdan başlayacağını düşünmürəm. Ən azı, bu gün çox inandırıcı görünmür.
Xüsusilə, Qaragölə gəldikdə, o, Azərbaycan ərazisinə düşür və Bakı onu qaytarmaq istəyir. Ancaq təəssüf ki, bu vəziyyət Ermənistandakı seçkiqabağı vəziyyətə təsir göstərmək üçün arzuolunmaz bir siyasi məna qazandı. Hansı ki, bizim maraqlarımıza qətiyyən uyğun deyil. Əminəm ki, bütün bunların arxasında Rusiya dayanır.
Baqratyan kimisə Azərbaycan Ordusuna qarşı döyüşməyə getməyə təhrik etməyi bacarsa, yeni əsir terrorçular olacaq, yenə İrəvan xarici dövlətlərdən müdaxilə etmələrini xahiş edəcək ki, Bakı bu insanları geri qaytarsın. Düşünürəm ki, bu cür təxribatlar güc vasitəsi ilə cavablandırılmalıdır. Düşmənimizin adekvat anladığı yeganə vasitə budur, buna keçən il əmin olduq. Yəni, Azərbaycanın öz güclü varlığını Dağlıq Qarabağ və Ermənistan yaxınlığındakı bütün mövqelərində qurması lazımdır”./ayna.az