Qarabağa qayıdış planı: “Sorğunun cavabı 100 faiz olmalıdır” – Hamı qayıtsın!

“Müəyyən vaxt lazım olacaq, lakin qayıdışa tərəddüd etmək lazım deyil”
Sosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin Fəaliyyəti ictimai rəydə” adlı sorğu keçirib. Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.
Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən çox yaxşı qiymətləndirilib.
Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.
Sorğunun nəticələrini dəyərləndirən millət vəkili Elman Məmmədovun fikrincə, vətəndaşların qayıdış planını müsbət dəyərləndirmə faizi 100 olmalıdır:
“30 ilə yaxındır ki, nə həsrət və arzularla yaşayırdıq. Neçə illərdir doğma yurdumuza qayıtmağı xəyal edirdik. Bu gün isə ərazi bütövlüyümüzü bərpa etmişik. Bəs hansı düşüncə ilə torpaqlarımza qayıtmamağı düşünürük?
Hesab edirəm ki, normal vətəndaş mövqeyinə malik olanlar bu qayıdışdan imtina etməməlidir. Hər kəsin vətəni Azərbaycandır.
Lakin mənim vətənim haradan başlayır sualının cavabını belə verərdim: “Mənim üçün vətən anamın məni dünyaya gətirdiyi ev-eşikdən başlayır”. Bu cür düşünüb doğma yudumuza  qayıtmalıyıq.
Hazırda Böyük Qayıdışla bağlı çox böyük işlər görülür: Yollar çəkilir, müxtəlif bərpa və quruculuq işləri aparılır, şəraitlər yaradılır, təhlükəsizlik tədbirləri yerinə yetirilir.
Cənab Prezident hər zaman vurğulayır ki, bizim üçün ən vacibi vətəndaşlarımızın həyatınının təhlükəsizliyidir. Yaxın günlərdə Şuşada “Xarı bülbül” festival keçirildi və mən də iştirakçı idim.
Şuşanın harasına getdiksə orada bərpa və abadlıq işləri aparılırdı. Yol boyu bütün texnikalar işləyirdi. Bunlar bizim üçündür ki, doğma yurd-yuvalarımıza qayıdaq. Əlbəttə, zamana ehtiyac var. Bunların hər birini tez vaxtda etmək qeyri-mümkündür. Müəyyən vaxt lazım olacaq, lakin qayıdışa tərəddüd etmək lazım deyil”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password