Dmanisidə barışıq çox kövrəkdir
Gürcüstan hakimiy yəti problemi kökündən həll etmədi
“Kim qarantiya verir ki, 3-5 gün sonra svanlar yenidən bizə hücum çəkməyəcək?! Gürcüstanda yaşayan azərbaycanlıların hamısını bu sual düşündürür”
Ötən gün Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində bir qrup svanın azərbaycanlılara hücum etməsi ilə başlayan qarşıdurma səngiyib. İki günlük gərginlikdən sonra tərəflər arasında barışıq olduğu deyilir.
Svanlar Dmanisi meriyasında azərbaycanlıların əlini sıxıblar. Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri baş vermiş insidentlə bağlı istintaqın davam etdiyini, qarşıdurma ilə bağlı heç kimin həbs olunmadığını söyləyib. Nazir bildirib ki, qarşıdurmada iştirak edən bir neçə şəxs polis bölməsində dindiriləndən sonra sərbəst buraxılıblar. Qomelauri əlavə polis qüvvələrinin bir müddət Dmanisidə qalacaqlarını da bildirib.
Hər iki ölkədə ciddi narahatlığa və müzakirələrə səbəb olan hadisəni dəyərləndirən Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov istintaqdan narazı qaldıqlarını deyib. Onun sözlərinə görə, azərbaycanlıların döyülməsinə, təhqirə məruz qalmasına baxmayaraq, qarşı tərəfdən heç kim cəzalandırılmayıb:
“Olayın niyə, hansı səbəbdən baş verdiyi araşdırılmadan, problemin kökünə getmədən “barışıq” elan edildi. Əfsuslar olsun ki, bəzi nümayəndələrimizi də bu “barışığa” cəlb etdilər. Kim qarantiya verir ki, 3-5 gün sonra svanlar yenidən bizə hücum çəkməyəcək?! Gürcüstanda yaşayan azərbaycanlıların hamısını bu sual düşündürür.
Svanlar 1980-ci illərin əvvəlində bölgəyə köçürülüb. 30 ildən artıq zaman keçsə də, bölgə camaatının psixologiyasını, adət-ənənəsini qəbul edə bilməyiblər. Belə hadisələr dəfələrlə təkrarlanıb.
Svanlar bizim mağazalara girərək mal alıb, restoranlarda yemək yeyib, amma pulunu ödəməkdən boyun qaçırıblar, ictimai qaydaları pozublar. Amma hüquq-mühafizə orqanları ələ keçirdiyi üç-beş svanı bölməyə aparır, bir-iki saatdan sonra sərbəst buraxır”.
Ə.Əsgərov vurğulayıb ki, bəzilərinin iddia etdiyi kimi bunlar heç də sadə məişət məsələləri deyil:
“Svanlar uzun müddətdir azərbaycanlıların başına oyun açırlar və bunun qarşısı alınmır. Hər şeyə rəğmən, biz yenə də humanistlik edir, qarşıdurma yaranmasını istəmirdik.
Amma ötən gün baş verən hadisələr bardağı daşıran son damcı oldu. Bizi narahat edən əsas məqam odur ki, hadisədə konkret zərərçəkənlər olmasına baxmayaraq, ortada suçlu, cəzalandırılmış şəxs yoxdur.
Qarşıdurmanı alovlandıran, əli daşlı-sopalı qrupları azərbaycanlıların üzərinə salanlar kimlərdir? Bu suallara cavab axtarırıq? Belə çıxır ki, Gürcüstan hakimiyyəti Dmanisi bölgəsində çox zəif idarəçiliyə malikdir. Əsrlərdir gürcülərlə birlikdə yaşayırıq.
Heç vaxt arzulamamışıq ki, aramızda qarşıdurma, düşmənçilik olsun. Amma məsələ gərgin olaraq qalmaqdadır. Barışıq çox kövrəkdir. Dövlət bu problemi kökündən həll etməlidir”. /sherq.az