Xalq artisti: “Flora Kərimova məni görəndə için-için ağladı, 27 ildir ki…”
Bu, bir nağıllar dünyası idi, neçə illərdir ki, oranın həsrəti ilə yaşamışam. Birdən-birə gözümü açdım və özümü Cıdır düzündə “Xarıbülbül” festivalında gördüm. Cıdır düzündə kimlər yox idi?.. Nağıl da bax elə buradan başladı, özü də necə başladı… Böyük bir şəhərin nağıllar dünyasının əsgərləri bizə uca səslə “Xoş gəlmisən” dedilər. Ən maraqlısı odur ki, bizi qarşılayanlar əsgər balalarımız oldu. Onlar bizi qarşılayanda məndə elə təəssürat yarandı ki, sanki övladımı görməyə getmişəm. Çox sevindim ki, onlar özlərini yaxşı hiss edirlər.
Bu sözləri açıqlamasında Xalq artisti Şamil Süleymanlı “Xarıbülbül” festivalı haqqında duyğularını bölüşərkən deyib. Sənətçi bildirib ki, Şuşada Flora Kərimova ilə görüşəndə göz yaşlarına hakim ola bilməyib:
“İlk gördüyüm adam Flora Kərimova oldu, məni görüb için-için ağladı. 27 ildir biz bir-birimizi görəndə deyirdik ki, bir gün mütləq Cıdır düzündə görüşəcəyik. Biz yaxşıca ağladıq. Cıdır düzündə dəli kimi bir qaya axtarırdım. Soruşanlara da utandığımdan deyə bilmirdim ki, nə axtarıram. Amma o qayanı tapdım. Atam 7 yaşında olanda ailəsi ilə birlikdə yığışıb o qayanın ətrafında şəkil çəkdirib. Təsadüfən mənim də 7 yaşımda eyni yerdə fotom çəkilib. Xoşbəxt günlərimizdə bu fotonu hamıya göstərirdim, çünki 7 yaşında atam mənə çox oxşayır. Bu yaşlı adam gedib o qayanı tapdı, qucaqlayıb öpdü və şəkil çəkdirdi. Çox qəribə idi… Elə bilirdim ki, bu qayaya qucaq açmaqla bütün Cıdır düzünü qucaqlamışam. Hamımız yığışıb dəstə-dəstə söhbət edirdik ki, Prezident gəlib yanımızdan keçdi, hal-əhval tutdu. İki gün unudulmaz festival keçirildi, günəşli bir gün idi, hamımızın üzü qıpqırmızı olmuşdu. Sanki bütün dünyanın günəşi öz işığını ancaq Şuşaya yayırdı və bu hiss çox gözəl idi…”
Aktyor Şuşada ata-baba evini görəndə yaşadığı duyğuları dilə gətirib:
“Hamı kimi mən də öz evimizi axtarırdım. Sonuncu gün yola çıxanda birdən evimizi gördüm, yanından keçirdik. Sağ olsun, bütün maşınlar saxladı, kimi evimizi qucaqlamağımı çəkdi, kimi əl çaldı. Bu ev heç vaxt boş qalmayıb, bundan sonra da qalmayacaq. Onu düzəldib hamımız yenidən ora köçəcəyik. Şuşaya uşaq kimi ağlaya-ağlaya getmişdim, indi Xalq artisti kimi qayıdıram.
1994-cü il may ayının 12-də Məkkədə namaz qılmışam və Allaha yalvarmışam ki, qələbədən sonra Şuşanın Gövhər Ağa məscidində namaz qılmağı nəsib etsin. Və təsadüfən 2021-ci il may ayının 12-də bu məsciddə namaz qıldım. 27 il sonra Allah duamı eşitdi və yerinə yetirdi”.
Şuşada görülən bərpa və quruculuq işlərindən də söz açan Şamil Süleymanlı sözlərinə belə davam edib:
“Mənfur düşmən Şuşaya dağ çəkib. Ali Baş Komandan İlham Əliyev küçə-küçə gəzir, görülən işlərlə tanış olur. Bütün krantlara su gəlir, Şuşada işıq var, ən önəmlisi, Şuşa qonaq qəbul edə və yola sala bilir. Hər yerdə dayanmadan tikinti işləri davam edir. Şəhər çox böyük bir sevgi ilə yenidən qurulur. Sanki yaşlanmış bir atanı yenidən dirçəldirlər. Quruculuq işləri sürətlə, operativ və düşünülmüş şəkildə aparılır, hesab edirəm ki, çox qısa müddətdə Şuşa bərpa olunacaq”./publika.az