“Müharibə yenidən başlayacaq” iddiaları boş söhbətlərdir

“Ortada bizə müqavimət göstərəcək erməni ordusu yoxdur. Düşmənin silahlı gücü çökdürülüb”
 
“Məqsəd bir müddət sonra Ermənistanı yekun sülh masasına əyləşdirməkdir”
“Azərbaycan tərəfinin Ermənistanla sərhəddə həyata keçirdiyi proses 10 noyabr Bəyanatına uyğun həyata keçirilir. Azərbaycan öz qanuni sərhədlərini bərpa etməyə çalışır. Ermənistan tərəfi isə uydurduqları “xəritələri” ortaya atırlar”.
Bunu açıqlamasında Türkiyədə yaşayan professor, siyasi şərhçi Toğrul İsmayıl deyib. Ekspert vurğulayıb ki, düşmən tərəfin hay-küyü təbiidir. Ermənilər hər zaman cığalçı mövqe tutublar, heç bir anlaşmaya qeyd-şərtsiz əməl etməyiblər:
“Hətta özləri işğalçı ola-ola uzun müddət təcavüzə məruz qalan Azərbaycanı həyasızcasına ittiham ediblər. Əfsuslar olsun ki, ermənilərin süni yaratdığı gərginliyi, əsassız vay-şüvəni dəstəkləyənlər də var. Halbuki, həmin güclər ermənilərin işğalçılıq siyasətinə, mülki əhalimizin bombalanmasına, ərazilərimizdə törədilmiş vandalizmə  bir dəfə olsun reaksiya verməyiblər”.
Politoloq vurğulayıb ki, ABŞ və Fransanın Azərbaycan-Ermənistan sərhədləri ilə bağlı ədalətli mövqeyi ola bilməz:
“Burada əsas rol oynayan güc erməni lobbisidir. Fransa Prezidenti E.Makronun daxili siyasətdə vəziyyəti ağırdır. Seçki keçiriləcəyi təqdirdə ermənilərin dəstəyinə böyük ehtiyac duyacaq. Co Baydenin komandasında isə əksəriyyət ermənipərəstdir. O səbəbdən iki dövlətdən sağlam yanaşma gözləmək yersizdir. Xüsusən, rəsmi Parisin qərəzli mövqeyi Minsk qrupunun həmsədri kimi bizə əvvəldən bəllidir. Rusiyaya edilən müraciət və Kremlin cavabında da erməni mətbuatı ikibaşlı informasiyalarla dolub-daşmaqdadır. Moskvaya rəsmi müraciətin edilib-edilmədiyi belə aydınlaşmadı. Reallıq odur ki, indiki məqamda hərbi əməliyyatlardan söhbət getmir. Azərbaycan Ordusu Ermənistanın BMT tərəfindən tanınmış sərhədlərindən içəri girmir. Əlimizdəki əsaslı arqumentlərə və texnologiyanın imkanlarına dayanaraq, qanuni sərhədlərimizin müəyyənləşməsi ilə məşğuluq. “Müharibə yenidən başlayacaq” iddiaları da boşdur. Ortada bizə müqavimət göstərəcək erməni ordusu yoxdur. Düşmənin silahlı gücü çökdürülüb”.
T.İsmayıl bəyan edib ki, məqsəd bir müddət sonra Ermənistanı yekun sülh masasına əyləşdirməkdir:
“Ermənistanın daxilindəki müəyyən siyasi qruplar sərhəd problemindən öz məqsədləri üçün yararlanmağa çalışırlar. Onlara bağlı media qurumları da çoxsaylı dezinformasiyalar yayır, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar.
Qərb ölkələri Paşinyana dəstək verməkdə xəsislik etmirlər. Rusiya bir tərəfdən beynəlxalq hüquq normalarını qorumağa çalışsa da, digər yandan Moskvaya yaxın güclərin Ermənistanda hakimiyyətə gəlməsi üçün əlindən gələni edir. Paşinyanı maksimum dərəcədə gücsüz və nüfuzsuz göstərmək siyasəti güdülür.
Lakin proseslərdən asılı olmayaraq, bütün addımlar Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sazişə əsasən atılır. Hadisələr bu istiqamətdə cərəyan edəcək. Azərbaycan üzərinə düşən öhdəliklərini yerinə yetirir. Cığallıq edən Ermənistandır. Zəngəzur dəhlizinin açılması sadəcə Azərbaycanın məsuliyyətində deyil. Rusiya da bu məsələdə maraqlı tərəfdir və cavabdehlik daşıyır.
Ermənistan tərəfi imza atdığı sazişin müddəalarını icra etməyə məcburdur. Əks təqdirdə Azərbaycan tərəfi Laçın dəhlizini bağlayacaq. Hələlik rəsmi Bakı buna getmir”. /sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password