Minəcik karvansarası tarixdən silinmək üzrədir
Torpaq həm də üzərində tarix yaşatdığı üçün Vətəndir. O tarixi bilmək azdır, tarixə şahidlik edib abidəyə çevrilən faktları qorumaq da lazım. Təəssüf, min təəssüf ki, biz bu qaydanı gözləmirik. Gözümüzün qarşısında məhv olan daha bir tariximiz Səngəçal-Cəngi-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaq da yerləşən qədim karvansara var. Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün daha çox “Minəcik” karvansarayı adlanan tarixi abidədir. Karvansaray qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir. Karvansaray XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni XV əsrin ortalarında tikildiyini söyləmək olar.
XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə Minəcik karvansarası adlanır. Karvansaray Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir. Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib. Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib.
Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş. Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha heç kimi burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmır. Karvansaray Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib. Yəni Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır. Buna baxmayaraq, çox zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.
Hazırda baxımsız qalan, 5 əsrdən çox yaşı olan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaq üzrədir. Mədəniyyət abidəsi kimi inventar nömrəsi 106 olan bu tikili o qədər maraqlı və dəhşətli hadisələrə şahidlik edib. Burada tökülən qanlar, kəsilən başlar, basılan karvanlar, oğurlanan sarvanlar, sonralar sovet hakimiyyətindən qaçaq düşənlərin burada gecələmələri və s. Amma yəqin ki,bu abidənin şahidlik etdiyi ən dəhşətli hadisə bu gün ona göstərilən laqeyd münasibətdir.
Samir Əsədli