SOCAR-da kütləvi ixtisarlar başladı
“5 minə qədər işçinin işdən azad edilməsi gözlənilir”.
Bu sözləri tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.
Onun sözlərinə görə, SOCAR-la bağlı son postlardan sonra mənə yazırlar ki, şirkətin Kompleks Qazma İşləri trestində çalışan 630 yaxın işçini işdən çıxarmaq istəyirlər:
“İşlərini itirmək riski ilə qarşılaşanlar yazırlar ki, onlara əlavə heç bir iş təklif etmirlər, ixtisarlar qanunvericiliyin tələblərinə uyğun aparılmır, haqsızlığa məruz qalanların əksəriyyəti gənclərdir.
SOCAR-da ixtisarların olacağını əvvəlcədən bəyan etmişdim. Bu şirkətdə izafi işçi qüvvəsi problemi vardır. Caspian Drilling Company, SOCAR Komplex Qazma Tresti (3000 işçisi var), SOCAR Abşeron qazmada xeyli işçilər çalışır. Hesab edirəm ki, SOCAR-da ixtisarlar şişman idarəetmə aparatında başlamalıdır.
SOCAR prezidentinin 12 vitse-prezidenti, vitse prezidentlərinin 12 müavini, 12 referenti, 34 müşaviri vardır. Hər kəsin də ən azı bir xidməti maşını, sürücüsü və katibəsi və ya katibi, yüzlərlə trolları vardır. SOCAR trol və hakerlər saxlamağa son qoymalıdır. SOCAR-ın kvazifiskal xərcləri ləğv olunmalıdır.
Şirkətin hesabatlığı və şəffaflığı artırılmalıdır. Bununla yanaşı SOCAR-da satınalınmalar rəqabətli və açıq tenderlər üzrə aparılmalıdır. Hesab edirəm ki, bu şirkət yaxın gələcəkdə böyük narazılıqların mənbəyinə çevriləcək”.