Lavrov Bakıdan istədiyini ala bilmədi… – Rəsmi Bakı 10 noyabr bəyanatının tam icrasını gözləyir

 

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları gözlənilən sonluqla bitdi. Tərəflər qarşılıqlı iqtisadi, siyasi humanitar əlaqələrin daha da yüksəldilməsi ilə bağlı ortaq fikirdə olsalar da, Qarabağ məsələsi ilə bağlı mövqelərdə ziddiyyətlər qalmaqda davam edir.

Ölkə başçısı daha əvvəl dövlət televiziyasına müsahibəsində Lavrovun qaldıracağı məsələlərlə bağlı rəsmi Bakının mövqeyini ifadə etmişdi. Bura Xocavəndə Azərbaycan Ordusunun mövqelərinə hücum etmiş erməni silahlı dəstələrinin tərk-silah edilən üzvlərinin geri qaytarılması, Qarabağın statusu və Minsk Qrupunun fəaliyyətinin yenidən canlandırılması daxildir. Prezident bu konteksdə Qarabağa dair “Fransa-Rusiya birgə təşəbbüsünə” və Azərbaycanı tənqid edən ölkələrin ittihamlarına da sərt cavab verdi.

Dövlət başçısı tənqidi nitqini əsasən Kanada və Fransanın üzərində qursa da, əlbəttə, mesajlar Qarabağ mövzunda rəsmi Parislə sıx işbirliyində olan Moskvaya da yönəlmişdi. Beləliklə, İlham Əliyev bir neçə aydın, konret mesaj verdi: “Münaqişə həll olunub, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən ölkələr bunu nəzərə alsınlar.

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir.

Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var”.

Prezident vurğulayıb ki, bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, o zaman işlər yaxşı gedəcək və münasibətlərdə heç bir problem olmayacaq.

Prezident Lavrovu qəbul edərkən onun qaldırdığı “hərbi əsirlər” məsələsinə sərt, lakonik cavab verdi: “Hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik.

Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”.

Qeyd edək ki, Rusiya “hərbi əsirlər” məsələsini son bir ayda davamlı olaraq qaldırır. Aprelin 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada prezidenti Vladimir Putinlə görüşdən sonra Rusiya Baş prokuroru İrəvana və Bakıya səfər etmişdi. Bakıya Qarabağdakı sülhməramlıların komandiri general Muradovla təşrif buyuran Rusiya rəsmisinin apardığı danışıqlar nəticəsiz başa çatdı. Beləliklə, general İrəvan hava limanında onu gözləyən jurnalistləri sərt ifadələrlə qınayıb əsassız xəbərlər yaymaqda ittiham etdi.

Ermənistan “hərbi əisrlər” mövzusunu bütün beynəlxalq təşkilatlarda da qaldırmaqda davam edir. Erməni lobbisinin imkanlarını maksimum səfərbər etməyə çalışan Paşinyan, bir nəticəyə varıb onu seçkiqabağı aktivinə yazmağı hədəfləyib.

Azərbaycan isə bu məsələdə prinsipial mövqe nümayş etdirir, amma müxtəlif manevrlərlə xarici təzyiqləri neytrallaşdırmağa çalışır. Xocavənddə saxlanılan diversantlardan üç nəfərin azadlığa buraxılmasını bu konteksdə qiymətləndirmək olar.

İlham Əliyev Ermənistanda daxili siyasi mübarizənin nəticəsi olaraq ortaya çıxan azərbaycanofobiya meyillərini də sərt tənqid edərək həm İrəvana, həm də elə Rusiyaya xəbərdarlıq edib: “Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası tamamilə əsassız olaraq artıq bütün hədləri keçir. Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir”.

Dövlət başçısı qeyd edib ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi: “Buna görə biz Rusiya ilə – bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir”.

İlham Əliyev yekun olaraq Rusiyadan gözləntilərini açıqlayıb: “Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq”.

Beləliklə, Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri zamanı istədiyini əldə edə bilmədiyini söylənək olar. Rəsmi Bakı prinsipial məslələrlə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Minsk Qrupunun yenidən aktivləşdirilməsi, erməni separatçılarına status verilməsi və “hərbi əsirlərin” qaytarılması mövzusu qapanıb. 

Bu məslələrlə bağlı Rusiya-Qərb arasında Ermənistanı qane edən konsensun olması Azərbaycanı maraqlandırmır. Prezident İlham Əliyev Rusiyaya təklif edir ki, bu istiqamətlərdə canfəşanlığa son qoyub 10 noyabr bəyanatına uyğun olaraq regionda kommunikasiyaların açılmasına və sənədin icra olunmayan digər maddələrinin icrasına töhfə versin./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password