Lavrova Bakıda bu sualları vermək lazımdır – Politoloq
“Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarıyla birgə keçirdiyi mətbuat konfransında belə bir cümlə işlədib: “Minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”. Görünür, Lavrov “minalardan təmizləmə” dedikdə ancaq rusiyalı hərbçilərin Qarabağda öz ətraflarını təmizləməsini nəzərdə tutub. Halbuki, ermənilər harda gəldi minalar basdırıblar”.
Bunları politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki statusunda deyib. O, Rusiya Xarici İşlər nazirinin İrəvan səfərindən danışarkən qeyd edib ki, Azərbaycan vətəndaşları müharibədən sonra minaların partlamasından həlak olurlar, çünki ermənilər xəritələri bizə vermək istəmirlər:
“Lavrov bu haqda İrəvanda heç nə deməyib. O ki qaldı Lavrovun cümləsindəki “dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır” hissəsinə, Qarabağda dini və mədəni irsi də biz özümüz bərpa edirik. Görünür, Lavrov bu cümlədə də “ermənilərə aid olanları” nəzərdə tutub. Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib. Azərbaycanın bu “zərurətə” də ehtiyacı yoxdur”.
Politoloq xatırladıb ki, Serger Lavrov erməni jurnalistlərdən birinin Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin işə salınmasıyla bağlı sualına da belə cavab verib ki, kommunikasiya xətləri tərəflərin razılığı və qarşılıqlı faydalılıq əsasında açılmalıdır:
“Yəni Lavrovun məntiqindən çıxış etsək, əgər Ermənistan razı deyilsə, Zəngəzur dəhlizi açıla bilməz. Beləliklə, Lavrovun İrəvanda dedikləri erməniləri rahatlatmaq məqsədi daşıyıb. Görək Lavrov Bakıda nə deyəcək? Ona minalanmış ərazilərin xəritəsindən tutmuş “İsgəndər” raketlərinə qədər suallar vermək lazımdır”.