Qırğız və tacik liderləri sərhəddəki vəziyyəti müzakirə ediblər
Qırğız Respublikasının prezidenti Sadır Japarovla Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon arasında bu gün telefon danışığı baş tutub.
Qırğız Respublikası prezidentinin rəsmi saytının verdiyi məlumatda bildirilir ki, söhbət zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan mehriban qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.
Dövlət başçıları Qırğız Respublikası-Tacikistan sərhədindəki vəziyyətin tez bir müddətdə de-eskalasiyası ilə bağlı tədbirləri də müzakirə ediblər. Onlar mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və mayın ikinci yarısında Düşənbədə görüş keçirmək barədə razılığa gəliblər.
Mayın 1-də tərəflər arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar baş tutacaq.
Sərhəddə vəziyyət aprelin 29-da gərginləşib. Qırğız Respublikası və Tacikistan hərbçiləri arasında 6 saatdan çox toqquşmalar baş verib.
Qırğız və tacik xarici işlər nazirlikləri danışıqlardan sonra atəşkəs və hərbçilərin geri çəkilməsinə dair razılığa gəliblər. Ancaq bu gün sərhəddə atışmanın yenidən başladığı bildirilib.
Tacikistanla sərhəddəki silahlı münaqişə nəticəsində Qırğızıstanın 31 vətəndaşı həlak olub.
“Sputnik Qırğızıstan” agentliyinin yaydığı məlumata görə, bunu Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin birinci müavini Aliza Soltonbekova aprelin 30-da keçirilən brifinqdə bildirib.
Saat 18:00-a (Bakı vaxtı ilə saat 16:00-a) olan məlumata görə, xəsarət alanların ümumi sayı 154 nəfərə çatıb.
43 yaralı təyyarə ilə Bişkekdəki tibb müəssisələrinə çatdırılıb. İki yaralının vəziyyəti ağırdır.
Ancaq Tacikistan ölən və yaralananların sayını rəsmi formada açıqlamayıb. Ölkənin İsfara şəhərinin İcra Hakimiyyətindəki mənbə “Asiya-Plus” agentliyinə bildirib ki, silahlı toqquşmalarda təxminən 10 qırğız ölüb, 90 nəfər yaralanıb. Tacikistanın rəsmi qurumları bu məlumatı nə təsdiq, nə təkzib edib.