Moskvada yaşayan iş adamı Ombudsmana müraciət etdi, amma…

 

Redaksiyamıza Moskva şəhərində yaşayan iş adamı Rzayev Fuad Furudun oğlunun müraciəti daxil olub.

F.Rzayev müraciətində bildirib ki, hal-hazırda o, Moskva şəhərində yaşayır və sosial şəbəkələrdə keçmiş ABU-nun eks-rektoru, hal-hazırda Azərbaycandan Fransaya qaçaraq orada sığınacaq alıb yaşayan, eyni zamanda İnterpolun axtarışında olan Elşad Abdullayevin təhqir və təhdidlərinə məruz qalıb.

Bu səbəbdən də o, Moskva şəhərinin bütün müvafiq orqanlarına müraciət etdiyini, ancaq bu məsələnin Azərbaycanla bağlı olduğunu, həmçinin Elşad Abdullayevin Moskvanın deyil, Azərbaycanın axtarışında olduğunu əsas göstərərək bildiriblər ki, bu haqda Azərbaycanın rəsmi strukturlarına müraciət edə bilər. F.Rzayev Elşad Abdullayev tərəfindən təhqir və təhdid olunması ilə bağlı Azərbaycanın hüquq mühafizə orqanlarına, xüsusilə də Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edib: «Mən Fuad Rzayev də Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) rəsmi məktub və bunu təsdiq edən bütün lazımi faktları, sənədləri göndərdim. Bir ay gözlədikdən sonra Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilindən mənə rəsmi şəkildə cavab geldi. Məktubda mənə bu məsələ ilə əlaqədar hüquq orqanlarına müraciət etməyim tövsiyə edilib. Mən bilmək istəyirəm ki, insan hüquqları üzrə idarə, müvəkkil, ombudsman bəs hansı işi görür? Məgər onlar insan hüquqlarını qorumur? Kiminsə hüquqlarını qorumaq üçün gərək hər hansısa bir şəxs həyatını dəyişə, sonra o məsələyə baxıla?»

Məsələ ilə əlaqədar olaraq jurnalist araşdırması apardıq. Eyni zamanda, sözügedən orqana – Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət etdik. Sözügedən qurumun rəhbəri Ombudsman Səbinə Əliyeva ilə əlaqə saxlamaq istəsək də, onun işdə olmadığını bildirdilər. Eyni zamanda, qeyd edildi ki, Səbinə xanımın köməkçisini əvəz edən Şəhla Aslanova ilə əlaqə saxlaya bilərik. Biz də Şəhla Aslanova ilə əlaqə saxladıq, vəziyyəti ona bildirdik. Şəhla xanım məsələdən xəbərsiz olduğunu, lakin araşdırıb bizə məlumat verəcəyini bildirdi. Daha sonrakı cəhdimizdə Şəbnəm Qəmbərova ilə danışdıq, o da Adil Eyvazovla telefon danışığımızı təşkil etdi. Bu məlumatı əldə etmək üçün nə az, nə çox 4 saat vaxtımız getdi. Uzun sürən israrlı zənglərimizdən sonra sözügedən mövzu ilə bağlı bizə bu açıqlamanı verdilər: «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkil Ombudsman haqqında” Azərbaycan Respublikası qanununun 1.1-ci maddəsinə əsasən, Ombudsman vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqları bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilmişdir. Rzayev Fuad Furudun oğlunun bizə ünvanladığı müraciətdə Elşaq Abdullayevin onu internet şəbəkələrində və digər vasitələrlə təhqir və şantaj etməsi kimi hallara biz müdaxilə edə bilmərik. Bu, bizim səlahiyyətimizdə deyil. Çünki Elşad Abdullayev fiziki şəxsdir. Fiziki şəxslərlə bağlı məsələlərə başqa səlahiyyətli orqanlar baxır. Əgər Rzayev Fuad Furudun oğlu şərəf və ləyaqəti hər hansısa dövlət və yerli özünüidarəetmə orqanının vəzifəli şəxsləri tərəfindən pozulsaydi, o zaman biz bu məsələyə baxa bilərdik. Amma bir daha qeyd edək ki, Fuad Rzayevin şərəf və ləyaqəti fiziki şəxs tərəfindən pozulub ona görə də bizə ünvanlanan məktubun cavabında bildirdiyimiz kimi, bu məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etsin.

 

Rövşanə Nağıyeva

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password