Aqrar sahədə geriləmə: pomidor və fındıq ixracı nədən azalıb?
İqtisadçı ekspert Natiq Cəfərli pomidor və fındıq ixracına aydınlıq gətirib.
Ekspert pomidor və fındıq ixracının əvvəlki illərlə müqayisədə azaldığına diqqət çəkib:
“Hökumətin son 5 ildə ən çox PR qurmağa çalışdığı sahələrdın biri aqrar sektordur. Hər dəfə rəsmi tədbirlərdə kənd təsərrüfatının analoqu olmayan inkişafından, qeyri-neft sektorunun aparıcı sahəsi olduğundan, ixracat potensialımızın artmasından danışırdılar. Bu sahədə önə çıxan iki sahə haqqında daha çox danışılırdı – pomidor və fındıq ixracı.
Rəsmi rəqəmlər tam tərsini deyir:
1. Bu ilin mart ayında cəmi 7,1 mln. dollar dəyərində pomidor ixrac edilib. Keçən ilin mart ayında isə bu rəqəm 19,2 mln. dollar idi, yəni, 2,7 dəfə (!!!) azalma var. Bu tək mart ayı üçün olan vəziyyət deyil, 2021-ci ilin yanvar-mart aylarında cəmi 21,3 mln. dollar dəyərində pomidor ixracı olub. 2020-ci ilin eyni dövründə isə 44 mln. dollara yaxın ixrac edilmişdi, azalma 2,1 dəfədən çoxdur,
2. Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 9,7 mln. dollar dəyərində fındıq ixrac edib. Bu 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 4,4 mln ABŞ dolları və ya 31,2 % azdır. Bu ilin yanvar-mart ayları ərzində isə Azərbaycan xarici ölkələrə 28,5 mln dollar dəyərində fındıq ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 7,8 mln dollar, yəni, 21,5 % azdır”.
Natiq Cəfərli hesab edir ki, pomidor sahəsinin inhisara alınmasının qarşısı alınmalıdır:
“Hökumət rəqəmlərdə belə kəskin azalma olmasını analiz edibmi? Səbəblər araşdırılıbmı? Heç inanmıram, indi qalstuklu müəllimlərdən biri çıxıb deyəcək ki, Rusiya bəzi əngəllər yaratdı, pomidor ixracı azaldı, amma izah edə bilməyəcək ki, nədən Azərbaycan bir bazardan bu qədər asılıdır?! Niyə yeni bazarlara çıxış imkanları təşviq edilmir?! Niyə məsələn, Şəmkir fermerləri vəziyyətlə bağlı qan ağlayanda, hayqıranda hökumətdən heç kim onlara dəstək olmadı?! Niyə pomidor sahəsini belə inhisara almaq cəhdlərinin qarşısı alınmadı?”./qaynarinfo