Prezidentin səfəri: “Zəngəzurdan açılacaq dəhlizə hazırlıq gedir” – İqtisadçı

 

“Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edildikdən sonra artıq neçənci dəfədir ki, ora səfər edirlər. Məlumdur ki, həmin ərazilərdə xeyli müddətdir bərpa və yenidənqurma işlərinə başlanıb. Qeyd olunan səfərlər də görülən işlərə bir növ nəzarət etmək, həmçinin yeni işlərə start vermək məqsədi daşıyır. Son olaraq Zəngilan və Cəbrayıl rayonlarına məlum səfər də bu məqsəd daşıyırdı”.

Bunu  iqtisadçı Pərviz Heydərov deyib.

O bildirib ki, səfər zamanı görülən işlərə baxış keçirildi, yeni möhtəşəm layihələrin icrasına start verildi: “Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” pilot layihəsinin, eyni zamanda adı çəkilən rayonda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlinin qoyulması buna misaldır. Bunların hər biri ayrı-ayrılıqda möhtəşəm layihələrdir, gələcək üçün böyük strateji əhəmiyyət kəsb edən tikinti və quraşdırma işləridir.

Təkcə 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən layihə 5 komponent üzrə aparılacaq ki, bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Ərazidə öncə tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi ev tikiləcək. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika, elektron idarəetmə mərkəzləri inşa olunmaqla, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Təsadüfi deyil ki, sözügedən layihənin icrasında sayca 4 xarici şirkət – Türkiyə, Çin, İtaliya və İsrail iştirak edəcək. İşğaldan azad olunan ərazilərdə bu cür işlərin görülməsi analoqu olmayan hadisədir. Çünki bu, işğal altından çıxan ərazilərə müasir texnologiyaların gətirilməsi, ən son texniki nailiyyətlərlə əhatə olunan yeni bir yaşayış məskəninin salınması deməkdir”.

Zəngilanda Beynəlxalq Hava Limanının təməlinin qoyulmasından danışan Pərviz Heydərov Füzulidə də Beynəlxalq Hava Limanının tikintisinin uğurla getdiyini vurğulayıb: “Bu il Füzuli Hava Limanının uçuş-enmə zolağı istismara verilməlidir. Laçın rayonununda da analoji hava limanı tikiləcək. Bütün bunların çox böyük strateji əhəmiyyəti və mənası var. Söhbət təkcə Qarabağ regionundan yox, Zəngəzurdan açılacaq dəhlizə tam hazırlıqdan gedir.

Ermənistanın kapitulyasiyasına dair 10 noyabr 2020-ci il tarixdə imzalanan razılaşmanın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri bərpa ediləndən sonra Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə qərb rayonları arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün təhlükəsizlik mexanizmi təşəkkül tapmalıdır.

Bu zaman Zəngəzur dəhlizinin işə düşməsi ilə təkcə Azərbaycan deyil, bütün region və Cənubi Qafqaz bölgəsi iqtisadi inkişaf sarıdan böyük bir təkan əldə edəcək. Naxçıvan Türkiyə, İran, Gürcüstan və Rusiya üçün vacib məkana çevriləcək.

Zəngilan-Horadiz avtomobil yolu da bu baxımdan strateji əhəmiyyəti ilə seçilir. Ümumiyyətlə, Qarabağın cənub hissəsində görülən və hələ görüləcək işlər həm regionun əvvəlki həyata qayıtmasına, həm əhalinin daimi yaşamaq üçün bu zonanı seçməsinə, həm də xaricilər, yəni turistlərin gəlişinə və axışına geniş yol açmaqla Azərbaycanın iqtisadi gücünün artmasına gətirib çıxaracaq”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password