Makron və Putin Qarabağla bağlı nə hazırlayır?
Rusiya və Fransa prezidentləri Emmanuel Makron və Vladimir Putin aprelin 26-da telefonla danışıblar. Prezidentlərin telefon danışığından sonra yayılan açıqlamada belə bir cümlə yer alıb: “Makron və Putin yaxın zamanlarda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində yeni təşəbbüslər hazırlayacaqlar”.
Bu sözləri politoloq Elxan Şahinoğlu Makron və Putin arasında bu gün baş tutan telefon danışığında Qarabağla bağlı müzakirənin aparılmasına münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Fransa və Rusiya liderlərinin bu yanaşması anlaşılmazdır:
“Birincisi, görəsən Rusiya və Fransa Azərbaycanın arxasında hansı təşəbbüslər hazırlayırlar?
İkincisi, Prezident İlham Əliyev “münaqişə artıq həll olunub” deyərkən, Fransa və Rusiya prezidentləri “Dağlıq Qarabağ problemi” ifadəsi işlədərkən nəyə eyham vururlar, söhbət “status” müzakirələrindənmi gedir? Erməni separatçılarının lideri “yeni təşəbbüslərlə” tanış olmaq üçünmü Moskvaya çağrılmışdı?”
Politoloq bu “təşəbbüslər”in heç də ölkəmizin xeyrinə olmadığı düşüncəsindədir:
“Yeni təşəbbüslər” nədirsə, Azərbaycanın əleyhinə yönəlib. Fransanın Qarabağ məsələsində buna qədərki fəaliyyətindən nə fayda əldə etdik ki, bundan sonra Parisin təşəbbüsü bölgəyə barış gətirsin? Tam əksinə, müharibə bitib, ancaq separatçıların lideri Moskvaya çağırılır, Parisdən İrəvana gedənlər isə “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır” açıqlamaları verirlər”.