Şəmkirdə İcra başçısı və vəzifəli şəxslər HƏBS OLUNDU
Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.
Aktualinfo.org-un rayondakı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun saxlanıldığı bildirilir.
Məlumatlara görə icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.
Alimpaşa Məmmədov- Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.
Qüdrət Əliyev – 13 aprel 2021-ci il tarixdə Şəmkir rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun əmri ilə birinci müavini vəzifəsindən azad edilib. O, Şəmkir rayon Təhsil Şöbəsinin müdir vəzifəsinə təyin olunub.
İlqar Quliyev- Alimpaşa Məmmədovun 4 may 2018-ci il tarixli əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.
Pərviz İbrahimov- Alimpaşa Məmmədovun 16.04.2019-cu il tarixli əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdi.
Teymur Hacıyev- Alimpaşa Məmmədovun 07.03.2018-ci il tarixli əmrinə əsasən Hacıyev Teymur Vaqif oğlu Şəmkir Kommunal Müəssisələr Kombinatının rəisi vəzifəsinə təyin edilmişdi. Hüquq mühafizə orqanları tərəfindən 2019-cu ildə Teymur Hacıyevın saxlanılmasına baxmayaraq bir müddət sonra işinə qayıtmışdı.