Şəhidimizin məzarında bülbül yuva qurdu… – FOTOLAR

 

44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Bu qələbənin qazanılmasında Azərbaycan Ordusunun misilsiz rol oynadığı hər kəsə bəllidir. Azərbaycan oğulları canlarından keçərək işğaldakı torpaqları düşməndən geri qaytardılar. Bu yolda 3 minə qədər şəhid verdik. Minlərlə qazimiz var.

Vətən uğurunda gedən döyüşlərdə şəhid olanlardan biri də Yusifov Münasib Mübariz oğludur. Münasib 2000-ci ilin 14 may tarixində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Münasib Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. O, qələbəyə cəmi 2 gün qalmış canını Vətən torpağı üçün fəda edib.

Münasib Yusifov Yuxarı Öysüzlü qəbiristanlığında uyuyur. Bu günlərdə onun qəbri üstünə gedən doğmaları son dərəcə təsirli səhnəyə şahid olublar. Bir bülbül şəhidin məzarı üstündə düzəldilmiş güldanların içindəki güllərin arasında yuva qurub. Fotolardan göründüyü kimi, bülbül yuvaya 5 yumurta qoyub. Yaxınlarının musavat.com-a verdiyi məlumata görə, ailəsi Münasibi ziyarətə gedəndə quş uçub yaxınlıqdakı ağacda gözləyir, insanlar gedəndən sonra isə yuvasına qayıdır.

Şəhidlərin Allah qatında necə qəbul olunduğu barədə müqəddəs kitabımız olan Quranda yazılıb. Həmçinin Vətən üçün canından keçən igidlərə tarixən xalqın, el-obanın necə böyük sevgi, ehtiram bəslədiyi məlumdur.

Münasibin – Vətən üçün can verən bu igidin məzarında bülbülün yuva qurması şəhidlər haqda yazılanların, deyilənlərin nə qədər doğru olduğunun bir daha isbatıdır. Allahın ən müqəddəs bəndələri şəhidlərdir. Onlar cənnətlə müjdələnib. Vətənin ən müqəddəs ünvanı Şəhid məzarlarıdır. Vətənin başladığı yer də o mübarək ünvanlardır.

Xarıbülbülün bitdiyi torpaqlarda şəhid olan igidin məzarı bir bülbülə yuva olub…

Şəhidlər ölməz, Vətən bölünməz.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password