Politoloq: “Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək”

Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət ölkənin təhlükəsizliyini təmin edə bilmir.  Bu barədə Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib. Şarmazanov  Paşinyanın Sünik (Zəngəzur – red.) bölgəsinə səfəri və orada baş verən hadisələrə münasibət bildirib. “Sünik (Zəngəzur -red.) sakinləri öz təhlükəsizliklərinə bir təhdid hiss edirlər, ona görə də Paşinyanın bölgəyə səfərinə bu şəkildə  reaksiya verirlər. Ancaq anlamalıyıq ki, Sünikin problemləri yalnız bu bölgənin sakinlərini deyil, həm də bütün erməni xalqını narahat edir. Əgər sussaq, Qarabağı itirdiyimiz kimi Süniki də itirəcəyik”.
Sözügedən bəyanat rəsmi İrəvandakı daxili vəziyyətin nə qədər gərgin olduğunu bir daha göstərir. Eyni ilə Rusiyada olduğu kimi, Ermənistanda da hakimiyyət tərəfdarları tədricən azalır. Kreml for- postunu da öz gününə saldı…Bütün bunların rəsmi İrəvan üçün nələr vəd etdiyi isə sual altındadır.
BDU-nun professoru, politoloq Əlimusa İbrahimov düşmən ölkədəki daxili vəziyyəti şərh etdi:
“Bilirsiniz ki, baş nazir Nikol Paşinyanın Zəngəzura səfəri zamanı insident yaranmışdı. Əhali bu səfərə qarşı çıxdı və heç bir demokatik ölkəyə  yaraşmayan olaylar yarandı. Bir ay əvvəl insanların küçəyə axışaraq seçkilərin keçirilməsini tələb etməsi də məlumdur. Vəziyyətin yenidən o həddə çatacağını düşünmürəm. Lakin qarşudurmanın yeni mərhələsi parlament seçkilərinə, yəni iyunun 2-dək davam edəcək. Bütün siyasi qüvvələr- istər iqtidar, istərsə də müxalifət üçün prioritet seçkilərdir”.
Ə. İbrahimov, həmçinin mövcud iqtidarın gələcək taleyi ilə bağlı fikirlərini də bölüşdü:
“Toqquşmaların Paşinyanın siyasi karyerasına təsir etməyəcəyi qənaətindəyəm. Hər halda o, Moskvaya səfəri zamanı hakimiyyətini qorumaq barədə Kreml rəhbərliyinin razılığını alıb. Yəni baş nazir ən azı seçkilərədək hakimiyyətdə qalacaq. Doğrudur, Qərblə yaxınlıq, Rusiyaya qarşı de-marşlar onu “ağa”sının gözündən salıb. Lakin indiki halda Moskvanın Paşinyanı dəstəkləməkdən başqa yolu yoxdur. Serj Sarkisyan və Rober Köçəryanın hakimiyyətə gətirilməsi ilə bağlı məsələlər zaman-zaman gündəmi zəbt etsə də, bunlar Paşinyanı qorxutmaqdan başqa bir şey deyil. Çünki Moskva rəhbərliyi Ermənistanda həmin siyasətçilərə qarşı olan münasibəti yaxşı bilir. Yerli əhali arasında onların tərəfdarları yoxdur. Əksinə, insanlar “Qarabağ klanı”na nifrət edirlər”.
Professorun fikrincə, Şarmazanovun açıqlaması siyasi həmlədir: “Həmin siyasətçi Sarkisyanın ən yaxın adamıdır. Onlar indi Paşinyana qarşı qara piar kampaniyası aparırlar. Çünki hazırkı baş nazirin seçkilərdə qalib gəlməsi həm Köçəryan, həm də Sarkisyan üçün ciddi təhlükədir. Odur ki, keçmiş prezidentlər arasında ziddiyət olsa da, iqtidara qarşı müsnasibətdə eyni mövqedədirlər. Güman edirəm ki, Paşinyan seçkilərdə qalib gəlsə, sabiq dövlət başçılarının siyasi fəallığını azaltmaq məqsədilə onları Azərbaycana təhvil verməklə hədələyəcək və bunu edəcək”.
Professor Zəngəzura taleyi məsələsinə toxundu:
 “Əlbəttə, dövlət başçısı İlham Əliyevin dediyi kimi, biz bütün torpaqlarımıza qayıdacağıq. Prezidentin açıqlamaları Ermənistanda ciddi ajiotaj, panika yaradıb. Lakin həm hakimiyyət, həm də xalq bilməlidir ki, biz növbəti müharibəni istəmirik. Məsələlərin dinc yolla həllində maraqlıyıq. “Dəmir yumruğumuz” isə hər an havadadır. Yəni bizim atacağımız addımlar rəsmi İrəvanın özünü necə aparmasından asılıdır. Fikrimcə, bunu Paşinyan da başa düşür. Ermənistanda seçkilərədək ciddi katakalizm yaşanmayacaq. Baş nazir 10 noyabr bəyanatındakı şərtləri addım-addım yerinə yetirəcək. Çünki o, Ermənistanın gələcəyinin revanşist siyasətdən yox, Azərbaycan və Türkiyə ilə xoş münasibətlərdən keçdiyini anlayır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password