Bölgədə yenidən toqquşma ehtimalı artır – Ermənistanın sərhəddə atəş açmasının səbəbi
Bölgədə yenidən toqquşma ehtimalı artır. Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, 10 noyabrdan bu yana ilk dəfədir ki, atəşkəsin intensiv pozulması barədə xəbərlər yayılır:
“Ermənistan Müdafiə Nazirliyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur. Bunun əvəzinə Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini və Əsgəranın iki kəndini atəşə tutub və guya bunun nəticəsində Xankəndidə hansısa evin damına zərər dəyib”.
Politoloqun sözlərinə görə, Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb:
“Rusiya ilə bağlı səslənən suallarımız bunlardır: “İsgəndər-M” raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı “hərbi parad”ın məqsədi nədir? Erməni separatçılarının lideri Araik Arutyunyan növbəti dəfə Moskvaya niyə çağırılıb?
Bu suallar cavablandırılmadığı kimi, təxribatların da sayı artır. Biz həm təxribatlara layiqli cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı, Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar”.