Bakı sonuna qədər israrlı olacaq
Söhbət dağıdıcı, kütləvi ölümə səbəb olan silahdan gedir
“İsgəndər M”lə bağlı Rusiyadan izahat tələb etmək Azərbaycanın haqqıdır
Prezident İlham Əliyev Şuşada aşkar edilən “İsgəndər-M” raketləriylə bağlı Rusiyaya verdiyi suallara tam cavab ala bilmədiyini deyib. Dövlət başçısı aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Moksvanın “Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməyib” cavabı qanedici deyil və Azərbaycanın sorğusuna uyğun gəlmir. Ölkə rəhbərinin sözlərinə görə, əsas sual “İsgəndər-M” raketlərinin Ermənistanın əlinə necə düşməsidir. Prezident diqqət çəkib ki, bunun iki yolu var: – ya qaçaqmalçılıq, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə: “Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, eksport – ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri isə daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi”. Dövlət başçısı vurğulayıb ki, bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Prezidentin sözlərinə görə, Rusiya mətbuatında “İsgəndər-M” raketləri ilə bağlı cəfəng versiyalar irəli sürülür və həmin versiyaları təsadüfi hesab etmir: “Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir”.
Prezident bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətirilib: “Hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı əlaqələrimizi möhkəmləndirəcək. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır”.
Prezidentin müsahibəsindən aydın olur ki, Rusiya “İsgəndər-M” raketi ilə bağlı suallarından yayınır. Bunun əvəzində media üzərindən Azərbaycan və Türkiyəyə qarşı “raket qalıqlarının Suriyadan gətirilərək, Şuşaya qoyulduğu versiyaları” üzərindən kampaniya aparılır. Dövlət başçısı bu versiyaların sistemli yanaşma olduğunu deməklə, kampaniyanın sifarişçisinin dolayı yolla Moskvanın olduğuna işarə vurur. Prezidentin iki sətiraltı mesajı isə xüsusi diqqət çəkir. Birincisi, ölkə rəhbəri “Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza – Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər” deməklə, Moskvaya “bu torpaqlar bizimdir, bizim razılığımızla gəlmisiniz, razılığımız olmasa çıxacaqsınız” mesajını ötürür. İkincisi, “üçtərəfli bəyanat Azərbaycan tərəfindən tam icra edilib” deməklə, Rusiyaya bəyanatın icra edilməyən bəndləri xatırladılır. Bu iki mesajın “İsgəndər-M” üzərindən verilməsi Azərbaycanın tələblərinin nələr olduğunu göstərir. Moskva isə çətin vəziyyətdə qalıb. Ya Ermənistana “İsgəndər-M” verdiyini, bununla beynəlxalq öhdəliyi pozduğunu deməli, ya raketin Gümrüdəki bazadan qaçaqmalçılıq yolu ilə Ermənistana aparıldığını etiraf etməlidir.
Məsələ ilə bağlı açıqlama verən siyasi icmalçı Azər Niftiyev bildirib ki, “İsgəndər-M” raketinin Ermənistana verilməsi qanunsuz və beynəlxalq hüquqa ziddir. Analitik xatırladıb ki, Rusiya Müdafiə Nazirliyi Ermənistana “İsgəndər-M” yox, “İsgəndər-E” raketi verdiyini bildirib. Lakin ANAMA-nın araşdırması zamanı “İsgəndər-M” raketlərinin qalıqları tapılıb:
“Azərbaycan ən yüksək səviyyədə, ölkə rəhbəri səviyyəsində məsələyə aydınlıq gətirilməsini tələb edib. Lakin Rusiya hələ də bu suala tutarlı cavab verməyib. “İsgəndər-M” ballistik raket olaraq 500 kilometr məsafədən hədəfə zərbə endirir və nüvə başlığı daşıyır. Bu raketlərin satılması beynəlxalq hüquqa ziddir. Raketlərin Rusiya tərəfindən Ermənistana gizli yolla verilməsi, yaxud hansısa başqa yolla istifadə edilməsi kifayət qədər ciddi məsələdir. Ağır silah növü sayılan və hədəfi vurma məsafəsi 500 km-ə qədər olan “İsgəndər M” raketləri tam gücü ilə partlasaydı, müharibənin aparıldığı kiçik ərazidə ciddi fəlakətə səbəb ola bilərdi. Amma Rusiya bu məsələyə aydınlıq gətirmir ki, raketləri Ermənistana özləri verib, yoxsa gizli yollarla düşmən ölkəyə aparılıb”.
A.Niftiyevin sözlərinə görə, Rusiyanı fakt qarşısında qoymaq və bu məsələdə şimal qonşumuzdan izahat tələb etmək Azərbaycanın tam haqqıdır:
“Söhbət dağıdıcı, kütləvi ölümə səbəb olan və satışı qadağan edilmiş silahların verilməsindən gedir. Əgər Rusiya özünü Azərbaycanla tərəfdaş və müttəfiq sayırsa, bu silahları Ermənistana göndərməməliydi. Yox, əgər rəsmi Kremlin və ya Rusiya Müdafiə Nazirliyinin bundan xəbəri yoxdursa, o halda bununla bağlı açıqlama verməli və günahkar şəxsləri cəzalandırmalı idi. Baxmayaraq ki, Prezident İlham Əliyev artıq ikinci dəfədir, bununla bağlı izahat tələb edir, Rusiyanın hələ də susqun mövqe nümayiş etdirməsi anlaşılan deyil. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələdə sona qədər israrını davam etdirməli və Rusiyanı dolğun izahat verməyə təhrik və məcbur etməlidir”./sherq.az