Gürcüstanın heyəti AŞPA-da Azərbaycanın əleyhinə səs verdi – “Bu ölkəni bizimlə zorən strateji tərəfdaş sayıram…”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) aprelin 20-də keçirilən iclasında Ermənistanın təşəbbüsü ilə müharibədə “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Azərbaycanın strateji tərəfdaşı Gürcüstanın qurumdakı nümayəndə heyəti tam tərkibdə bu qətnamənin lehinə səs verib…
Xatırladaq ki, 44 günlük müharibənin bitdiyini əks etdirən, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr bəyanatında hərbi əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişdirilməsi əksini tapıb. Azərbaycan bu sənəd üzrə öhdəliklərini yerinə yetirərək, 70 erməni hərbçisini qarşı tərəfə təhvil verib. Ermənistan isə 14 azərbaycanlı əsiri, o cümldən Birinci Qarabağ Qarabağ müharibəsində şəhid olmuş 7 nəfərin qalıqlarını geri qaytarıb.
Rəsmi Bakı Ermənistanın bəhs etdiyi “hərbi əsirlər” məsələsinə bir neçə dəfə XİN və dövlət başçısı səviyyəsində aydınlıq gətirib. Azərbaycan bəyan edir ki, həmin şəxslər hərbi əsir sayıla bilməz. Çünki müharibə bitdikdən həftələr sonra Azərbaycan Ordusunun mövqelərinə hücum etmiş, bu zaman tərk-silah edilən diversant-terrorçulardır. Həmin şəxslərin barəsində ölkə qanunverciliyinə uyğun olaraq tədbir görüləcək.
Xatırladaq ki, aprelin 8-də Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş nazri Nikol Paşinyanla Moskvada görüşərkən bu məsələ müzakirə olunub. Bunun ardınca Rusiyanın Baş prokuroru İrəvana, ardınca Bakıya səfər edib. Onu Qarabağdakı Rusiya sülhməramlılarının komandiri general Muradov müşayət edib. Amma erməni mediasının onun özü ilə bərabər “hərbi əsirləri” geri qaytarılacağı barədə yazdığı xəbərlər təsdiqini tapmadı. Rusiyalı general İrəvana əliboş döndü.
Maraqlıdır, Azərbaycanın tutarlı izahatına baxmayaraq, Gürcüstanın nümayəndə heyəti bu prinsipial məsələdə Ermənistanın xeyrinə səs verib. Müstəqilliyin ilk illərindən bu günə qədər Azərbaycanın mühüm dəstəyi ilə ayaqda qalan qonşu ölkənin bu addımı suallar doğurur.
Politoloq Elxan Şahinoğlu açıqlamasında bildirib ki, Gürcüstanın nümayəndə heyətinin AŞPA-da ermənilərin lehinə səs verməsi Azərbaycana xoş olmayan mesaj kimi də dəyərləndirilə bilər.
“Hər halda onların bir hissəsi bizim lehimizə səs verərdilər, ya bitərəf qalardılar. Onlar Ermənistanın qaldırdığı bu saxta məsələyə yekdilliklə səs verməklə münasibət ortaya qoyublar”,-deyə politoloq qeyd edib.
E. Şahinoğlu xatırladır ki, elə müharibə günlərindən də Gürcüstandan birmənalı açıqlamalar verilməyib: “İşğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyurdular. Bu günlərdə Gürcüstan prezidenti erməni həmkarı ilə Tiflisdə görüşəndə faktiki vasitəçi olmaq istəyini ortaya qoymuşdu. Bu hadisədən sonra biz Gürcüstanın vasitəçiliyini necə qəbul edə bilərik?
Mənim Gürcüstanla bağlı suallarım hər zaman olub. Bu ölkəni bizimlə zorən strateji tərəfdaş sayıram. Onlar bizdən asılı olduqlarına görə buna məcburdurlar. Bizim neft kəmərləri bu ölkədən keçir, ucuz qaz veririk, aşağı faizli kreitlər təqdim edirik. Amma müharibə günləri sübut etdi ki, biz Ukraynaya bunların heç birini etməsək də, bizə daha çox dəstək verdilər”.
Politoloq hesab edir ki, bu hadisədən sonra rəsmi Bakı Gürcüstanla münasibətlərə diqqət yetirməlidır: “Hətta müəyyən korrektələrə də ehtiyac var”./azpolitika.info