“Belarus və Qazaxıstan Azərbaycanın AİB-ə inteqrasiyasında çox maraqlıdır” – Erməni mətbuatı

 

MDB ölkələri ilə yalnız ikitərəfli münasibətlərə daha çox üstünlük verən Azərbaycan həm də Ermənistan faktoruna görə indiyə kimi Avrasiya İqtisadi Birliyinə(AİB) daxil olmağa xüsusi həvəs göstərməyib. Buna baxmayaraq, aprelin 29-da Kazanda keçiriləcək AİB-in Hökumətlərarası Şurasının İclası Ermənistanda Azərbaycanın AİB-ə daxil olması mövzusunu yenidən aktuallaşdırıb.

Maraqlıdır ki, bir sıra erməni mənbələri bu görüşdə Azərbaycan nümayəndə heyətinin də iştirakının planlaşdırıldığını bildirirlər. İddia olunur ki, Azərbaycan təşkilatın tam hüquqlu üzvləri sırasına qoşulmasa belə, ən azından onunla geniş iqtisadi inteqrasiya məsələləri müzakirə oluna bilər.

Qeyd olunur ki, başlanğıc üçün Moldova, Tacikistan və Kubanın hazırda sahib olduğu müşahidəçi statusu Azərbaycana da verilə bilər. Növbəti addım olaraq Azərbaycanın Serbiya, Vyetnam, İran və Sinqapurla olduğu kimi sərbəst ticarət zonasında iştirakı mümkündür. Ancaq məsələ bundadır ki, bütün hallarda sözügedən qərarların qəbulu üçün təşkilatın bütün üzvlərinin mütləq razılığı lazımdır.

Erməni mətbuatının bu məsələni gündəmə gətirməsinin səbəblərindən biri Avrasiya İqtisadi Komissiyası İdarə Heyəti sədrinin köməkçisi İya Malkinanın iclasda iştirak etmək üçün Azərbaycana dəvət göndərildiyini söyləməsi oldu. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın yaxın gələcəkdə keçiriləcək AİB hökumətlərarası Şurasının iclasında iştirakının müzakirə olunduğunu bildirdi.

“Sputnik Armenia” bu məsələyə diqqət çəkərək “Ermənistan Azərbaycanın AİB-ə üzv olmasına mane olacaqmı?” başlıqlı məqalə yayımlayıb.

“Ermənistan istisna olmaqla bütün digər AİB üzvlərinin Azərbaycanı quruma cəlb etmək fikrini alqışlaması və Ermənistanı buna müdaxilə etməməyə inandırmaqda qərarlı olması diqqət çəkib”- deyə məqalədə qeyd olunub.

Məqalədə həmçinin deyilir: “Ermənistandan asanlıqla Azərbaycanın quruma daxil olmasına icazə verəcəyini gözləmək sadəlövhlük olardı. Lakin gec-tez Azərbaycanın Avrasiya İqtisadi Birliyinin strukturlarına inteqrasiyasını təmin edəcək bir kompromis tapılacaq. Belarus və Qazaxıstan da Azərbaycanın təşkilata inteqrasiyasında çox maraqlıdır.

Avrasiya İqtisadi Komissiyası idarə heyəti sədrinin köməkçisi İya Malkinanın sözlərinə görə, hökumətlərarası şuranın iclasına Azərbaycanı dəvət etmək təşəbbüsü Qazaxıstan rəhbərliyindən gəlib. 

Xatırladaq ki, bir vaxtlar Nursultan Nazarbayev də KTMT-də Azərbaycana müşahidəçi statusu verilməsi məsələsini müzakirə etməyi təklif etmişdi. Ermənistan daha sonra kəskin şəkildə buna qarşı çıxdı və mövzu bir daha gündəmə salınmadı.

Rəsmi Minsk də Avrasiya Tərəfdaşlığı strukturlarında Bakının maraqlarının təşviqi ilə əlaqədar çox fəaldır.”

Nəhayət, müəllif qeyd edir ki, Ermənistan bu məsələ qaldırılacağı təqdirdə Azərbaycan qarşısında müəyyən şərtlər qoya bilər. Lakin o, nə qədər çalışsa da, Azərbaycanın AİB-ə inteqrasiyasına qarşı çox dayana bilməyəcək. Çünki qurumun digər üzvləri tərəfindən ona təzyiq ediləcək.

Ancaq maraqlıdır ki, Azərbaycan hələlik hansısa formada AİB-ə inteqrasiyasa olmaq niyyətini açıqlamayıb./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password