Çavuşoğlunu qəzəbləndirən çıxışın pərdəarxası – Təxribatın sifarişçisi bəlli oldu
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun yunan həmkarı Nikol Dendiasla görüşündən sonra keçirilən mətbuat konfransında yaranan insidentin bəzi təfərrüatları məlum olub.
Türkiyənin “Hüriyyət” qəzeti Nikos Dendiasın sözügedən mətbuat konfransındakı təxribatçı çıxışının Yunanıstanın Baş naziri Kiriakos Misotakis tərəfindən hazırlandığını yazıb.
Qəzet öz növbəsində bu məlumatı yayarkən, Yunanıstanın “Ethnos” qəzetinə istinad edib. Həmin məlumatda deyilir ki, Yunanıstan Baş naziri Misotakis mətbuat konfransı boyu Dendiasla əlaqədə olub və məlum təxribatı yaratmasıyla bağlı göstəriş verib.
Xatırladaq ki, həmin mətbuat konfransının sonunda N.Dendias “əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək”, deyə bildirb.
Çavuşoğlunun buna cavabı isə sərt olub: “Türkiyənin Yunanıstanın suveren haqlarını pozması ilə bağlı dedikləriniz düzgün deyil. Mətbuat qarşısında mənə və millətə qarşı ağır ittihamlarla çıxış edərsəniz, cavabını vermək məcburiyyətində qalacağam. İlk görüşümüzün daha konstruktiv atmosferdə keçəcəyinə ümid edirdim. Türkiyəni Yunanıstanın suveren haqlarını pozmaqda ittiham edirsiniz. Bu, düzgün deyil. Türkiyə özünün və Kipr xalqının haqlarını qorumağa qadirdir. Qərbi Frakiya (Batı Trakya) azlığı “türkəm” deyirsə, türkdür! Bunu belə də qəbul etməlisiniz!”/azpolitika.info