“Qulaq as və onlara çatdır ki, Ermənistanı…” – Lukaşenko Əliyevin təklifini açıqladı
Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb. Bildirib ki, vaxtilə İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif etmişdi.
“Mən əlbətdə, prezident olmayanda İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda bir çox yaxşı şeylər danışacam. Onun mənə dediyi təkliflərdən biri belə idi: “Qulaq as, sən ermənilərə çatdır, sənin onlarla yaxşı münasibətlərin var, mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram (o vaxt neft yüz dollara olanda sən mənə bunu dedin)…Mən hətta bax indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır”,-Lukaşenko deyib.
Əlavə edib ki, ilk dəfə bu məsələni açıqlayır. “Lakin mən bunu indi ilk dəfə açıqlayıram. Fikrimcə sən mənim bu cür danışmağıma qarşı deyilsən?”,-Lukaşenko onunla yanaşı oturan Azərbaycan prezidentinə müraciət edib.
“Aleksandr Qriqoryeviç, nə istəyirsən danış…(gülür). Artıq sən hər şeyi dedin”,-Azərbaycan prezidenti cavab verib.
Lukaşenko əlavə edib ki, erməni tərəfi Azərbaycanın təklifindən imtina edib. “Bax belə oldu…Erməni rəhbərliyi bundan imtina etdi. Paşinyana qədər olanlar. Bax belə təkliflər də olmuşdu”,-Belarus prezidenti sözlərini yekunlaşdırıb.
Qeyd edək ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sarkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edir.(virtualaz.org)