Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik – Lukaşenko
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik və qeyd etdik ki, beynəlxalq gündəlik barədə bizim aramızda praktiki olaraq heç bir fikir ayrılığı yoxdur.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxışında deyib.
Belarus dövlət başçısı bildirib:
“Hörmətli İlham Heydər oğlu, bu səfər müddətində bizim dövlət nümayəndə heyətini əhatə edən ənənəvi dostluq şəraitinə görə səmimi təşəkkürümü bildirirəm. Bu dialoqun gedişində biz Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik və qeyd etdik ki, beynəlxalq gündəlik barədə bizim aramızda praktiki olaraq heç bir fikir ayrılığı yoxdur. Dünyada vəziyyəti dəyərləndirmələrimiz tamamilə üst-üstə düşür, dünya iqtisadiyyatında böhran, pandemiya və ən başlıcası, perspektiv üçün birmənalı olmayan proqnozlar şəraitində gələcək birgə fəaliyyət barədə aydınlıq var. Biz sabah, birisi gün nələr olacağını bilmirik. Son vaxtlar bizim münasibətlərimizdə əhəmiyyətli irəliləyişlər olub. Mənim dostlumla görüşlərimizin açıq və səmimi şəraitini çox yüksək qiymətləndirirəm. Bizdə həmişə belə olub. O dedi ki, biz müntəzəm olaraq bir-birimizin dövlətlərinə səfər edirik. Mən buraya beşinci dəfədir gəlmişəm. İlham Heydər oğlu bu və ya digər məsələlərin həlli üçün beş dəfə Belarusda rəsmi səfərdə olub. Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılması barədə razılaşmaları səmimi qəlbdən alqışlayırıq. Bu mühüm siyasi qərar regionda möhkəm sülhün təməli olmalıdır”.