“Toyların keçirilməsinə icazə verilməlidir” – Fazil Mustafa
“Ümumiyyətlə biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa “AzTV”-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:
“Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30 ya 50 nəfərlə olsun toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzarət olunsa bəs edir. Amma toyları birbaşa qadağa etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münaisbətlərin pozulmasına yol açacaq.