Lukaşenko Bakıya “erməni əsirlər” üçün gəlir?
Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək. Lukaşenkonun Bakıya ani səfəri bir sıra suallar yaradıb. Sosial şəbəkələrdə Lukaşenkonun Azərbaycan Prezidentindən KTMT üzvü Ermənistanın “hərbi əsirlər” ilə bağlı xahişini edəcəyi ehtimalı yayılıb.
Mövzu ilə bağlı açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun aprelin 13-də Azərbaycana səfərinin məqsədi ilə bağlı konkret bir məlumat yoxdur.
Politoloqun sözlərinə görə, bu səfərin öncədən planlaşdırılması və ya həqiqətən də ani baş tutması dəqiq deyil:
“Ermənistanın istədiyi “hərbi əsirlər“i Azərbaycanın qaytarmaması təkcə minalanmış ərazilərin xəritələri ilə bağlı deyil. Rəsmi Bakı bununla həm də dünya ictimaiyyətinə göstərmək istəyir ki, ərazisində heç bir erməni hərbçisini görmək istəmir. Təsadüfi deyil ki, 44 günlük müharibənin başlanmasının bir səbəbi də Ermənistan silahlı qüvvələrinin 27 ildir Azərbaycan torpaqlarında olması, işğal vəziyyətini davam etdirməsi idi. Ermənistan isə indiki halda istəyir ki, Qarabağda hərbi mövcudluğunu saxlasın və Azərbaycanın erməni əsilli vətəndaşlarının “təhlükəsizliyini” təmin etsin.
Rəsmi Bakı üçün bu, qəbuledilməz bir addımdır. Rəsmi İrəvan hərbçilərini qanunsuz yollarla Qarabağa göndərməkdən imtina etmədiyi müddətcə özünün “hərbi əsir” saydığı şəxsləri təhvil ala bilməyəcək.
Düşünürəm, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini Belarus Prezidenti Aleksandr Lukaşenko da yaxşı bilir”.
Politoloq qeyd edib ki, bu gün Belarus Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. İki ölkə arasında çoxşaxəli əlaqələr mövcudur:
“Bundan əlavə, Belarus 44 günlük müharibədə Azərbaycana siyasi dəstək verən ölkələr sırasında yer aldı. Lukaşenko ilə İlham Əliyevin şəxsi münasibətləri də yüksək səviyyədədir. Lakin Lukaşenko bilir ki, erməni terrorçuları məsələsi bizim üçün milli məsələdir. Ona görə Lukaşenkonun belə bir məsələni dilə gətirəcəyinə şübhə edirəm”./axar.az