Ərdoğan: Ukrayna dünyanın diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyə rəhbəri qeyd edib ki, tərəflər strateji əməkdaşlığın davam etdirilməsi mövzusu üzrə razılığa gəliblər.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə Qara dənizdə təhlükəsiz və sakit vəziyyətin təmin olunmasını hədəfləyib.
Türkiyə lideri müdafiə sənayesinin rəsmi Ankara ilə Kiyev arasındakı qarşılıqlı əlaqənin vacib elementi olduğunu vurğulayıb. Bununla yanaşı, əməkdaşlığın heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini əlavə edib.
Türkiyə Prezidenti Ərdoğan deyib: “Qara dənizin sülh, sabitlik və əməkdaşlığı gücləndirəcək dəniz olması əsas hədəfimizdir”.
Türkiyə rəhbəri əlavə edib ki, Ukraynanın dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməsində haqlı hesab edir.
Ukraynanın Donbas və Krımla bağlı problemlərinə toxunan Türkiyə lideri bildirib ki, mövcud böhranın bu ölkənin vahidliyi, beynəlxalq hüquq normaları və diplomatik üsullar çərçivəsində həll edilməsinin zəruriliyinə inanır.