Açıq havada maska taxmaq məcburiyyəti nə vaxt götürüləcək?
Son zamanlar belə fikirlər səslənir ki, açıq havada maska taxmağa lüzum yoxdur. Onların fikrincə, bununla bağlı maska taxmaq məcburiyyəti sadəcə cərimə yığmağa və həmin qoruyucu vasitəni satmağa hesablanmış addımdır.
Məsələyə aydınlıq gətirən tibb elmləri doktoru Adil Qeybullanın fikrincə, hazırda ikinci dalğanın pik dövrünündə olduğumuzdan açıq havada da maska taxılmalıdır:
“Şübhəsiz, sağlam insanla yanaşı, virus daşıyıcısı olan xəstələr də küçələrdə gəzir. Belə bir vəziyyətdə açıq havada olsaq da maska taxmaq zəruridir. Qeyd edim ki, ikinci dalğanın təhlükəsi nəzərə alınaraq bu qərar verilib”.
A. Qeybulla deyib ki, insanların qaydalara əməl etməməsi sözügedən addımın atılmasını məcbur edib:
“Yaxından bir xəstənin keçməsi kifayətdir ki, yoluxma baş versin. Səmimi deyirəm, bu günün özündə açıq havada belə maska taxılmasına ciddi ehtiyac var. Bu da ondan irəli gəlir ki, insanlar qaydalara əməl etmirlər”.
Mövcud dalğa zəiflədiyi təqdirdə isə açıq havada maskadan istifadə etməyə lüzum olmayacaq: “Karantin qaydaları yumşaldılsa, yəqin ki, sözügedən məcburi faktor da aradan qaldırılacaq”.