“Yoluxma sayı 5 mini keçməyəcək” – “10 gün də gözləyək və özümüzü qoruyaq…”

 

Azərbaycanda koronavirus infeksiyasına yoluxma yüksələn xətt üzrə davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün açıqladığı statistikaya görə, son sutka ərzində 14 593 test aparılıb, 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər isə müalicə olunaraq sağalıb. Qeyd edək ki, sağalanların sayında iki gündür müsbət dinamika var – srağa gün 647, dünən isə 1174 nəfər müalicə olunaraq sağalıb.

Məlumatda bildirilir ki, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib. Bu rəqəm də ölüm sayında artım olduğunu göstərir. Dünən ölüm sayı 32, bir gün əvvəl isə 34 nəfər təşkil edib.

Yoluxma sayı artdıqca karantin rejiminin yenidən sərtləşdirilməsi, ötən ilin dekabr ayında tətbiq olunan qadağaların bərpa olunması ilə bağlı çağırışların da sayı artır. Hazırki tendensiyada qapanmaya ehtiyac varmı, ümumiyyətlə perspektivlə bağlı hansı proqnozları vermək mümkündür?

Həkim, farmakoloq Müşfiq Hüseynov açıqlamasında bildirib ki, hazırda dünyada pandemiyanın üçüncü dalğası yaşanır. Ekspert bu səbəbdən bir çox ölkələrin qapanmaya getdiyini xatırladır: “Qonşu ölkələrdən Türkiyədə və Ukraynada vəziyyət xüsusilə ağırdır. Ölkəmiz də üçüncü dalğanın zirvəsinə yaxınlaşır. Təxmin edildiyi kimi, bu dalğa birincidən böyük, ikincidən isə kiçikdir. Amma təəssüf ki, pandemiya qanunlarına görə sonuncu dalğa xəstəliyin daha ağır forması və yüksək ölüm sayları ilə müşayiət olunur. Bu gözlənilən idi”.

M.Hüseynov hesab edir ki, 15-20 aprel arasında yoluxmada zirvəni görüb, ardınca stabilləşməyə gedəcəyik: “Yəni xəstə və sağalanların sayı bərabərləşəcək. Aprelin sonlarını stabil sayla qarşılayacağıq. Düşünürəm ki, yoluxma sayı ikinci dalğadakı kimi 5000 üzərinə çıxmayacaq”.

Yenidən qapanmağa ehtiyac olub-olmamasına gəlincə, mütəxəssis hələlik buna ehtiyac görmədiyini vurğulayıb: “10 gün də gözləyək və özümüzü qoruyaq. Sonra bu nəticəyə baxıb nəsə qərar vermək olar”.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password