Vəziyyət daha da gərginləşir, Rusiya nüvə silahı tətbiq edə bilər
Rusiya Ukrayna sərhədlərinə və Krıma qoşun cəmləşdirməkdə davam edir. Buna paralel olaraq Rusiya KİV-ləri və ekspertləri Ukraynanın Donbas separatçıları üzərinə irimiqyaslı hücuma hazırlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışmaqdadır. Son məlumatlara görə Rusiya Müdafiə Nazirliyi Krıma S-400 “Triumf” və S-300 zenit-raket komplekslərinin yeni diviziyonlarını göndərib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Böyük Britaniyanın Baş naziri Boris Consona zəng vurub və Rusiyaya qarşı dəstək xahiş edib. Telefon danışığı zamanı Donbasdakı vəziyyət, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsi müzakirə olunub.
Rusiya ekspertləri isə hətta Donbasda taktiki nüvə silahının tətbiqinin mümkünlüyü haqda danışmağa başlayıblar. Hərbi ekspert Konstantin Sivkov deyir ki, Ukrayna hakimiyyəti Donbasdakı münaqişəyə Birləşmiş Ştatları cəlb etmək üçün bütün mümkün olanı edir. Üstəlik Böyük Britaniya və Almaniya da işə qarışa bilər. Və onun fikrincə, belə vəziyyətdə Rusiya əlini yanına sallayıb boş dayanmayacaq. Ona görə də situasiya nəzarətdən çıxa bilər.
Sivkovun sözlərinə görə, separatçı Donetsk və Luqansk “xalq respublikaları” özləri Kiyevin irimiqyaslı hücumunun qarşısını ala bilməzlər. Ona görə də Rusiya “hökmən müdaxilə edəcək”. Bu da NATO ilə Rusiya arasında Ukrayna ərazisində müharibəyə gətirib çıxaracaq. Onun fikrincə, bu zaman tərəflərdən biri “gərginliyə tab gətirməyə və taktiki nüvə silahını tətbiq edə bilər”.
Sivkov deyir ki, bunun baş verməməsi üçün iki bəyanat vermək lazımdır: əgər Ukrayna Donbasa hücum etsə, Rusiya regiondakı vətəndaşlarını (Rusiya yüz minlərlə Donbas sakinlərinə öz pasportlarını paylayıb,-red.) müdafiə etmək üçün mümkün olanı edəcək. İkinci bəyanat: əgər NATO-nun bir üzvü belə münaqişəyə qarışsa, Rusiya nüvə silahını tətbiq etmək haqqını özündə saxlayacaq.
Gərginlik Amerika ekspert çevrələrində də müzakirə olunmaqdadır. Vaşinqtondakı “Atlantic Council” mərkəzinin ekspertləri deyirlər ki, Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsinin iki səbəbi var. Birincisi, Rusiyada yaxınlaşan Duma seçkiləridir, ikincisi isə hakim partiyanın reytinqinin aşağı düşməsidir. “Atlantic Council”in Avrasiya mərkəzinin direktoru Con Herbst (Kiyevdəki keçmiş səfir) bildirir ki, Rusiya KİV-lərinin Ukraynanın atəşkəsi pozması haqda feyk məlumatları tirajlaması və sərhədə qoşun cəmləşdirilməsi məhz Kremlin hücuma hazırlaşdığına dəlalət edir.
“Məqsəd Mariupolun və ya Xerson vilayətindəki Dnepr çayından Krıma gedən su kanalının nəzarətə götürülməsi ola bilər. Və yaxud Rusiya Donets və Luqansk “xalq respublikalarına” özünün “sülhməramlı qüvvələrini” yeritmək arzusundadır”,-o bildirib. Herbst hesab edir ki, ola bilsin Rusiyanın məqsədi həm də Ukrayna prezidenti Vladimir Zelenskini qorxutmaq və ABŞ-ın yeni administrasiyasını sınağa çəkməkdir.
“Əgər belədirsə, deməli Bayden sınaqdan çıxıb. Çünki ötən həftə Vaşinqton Kiyevi zənglərlə sadəcə olaraq bombardman edib. ABŞ prezidenti özü zəng vurub, habelə onun milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri Mark Milli zəng vurublar. Sonuncu Kremlin mesajı aldığına əmin olmaq üçün üstəlik Moskvaya da zəng vurub”,-Herbst bildirib.
Qeyd edək ki, Türkiyə də Ukraynaya mümkün dəstəyi verir və gözlənilir ki, məsələ prezident Zelenskinin aprelin 10-da Ankaraya səfəri zamanı müzakirə olunacaq. /virtualaz.org