Türkiyənin Azərbaycana təyin olunan yeni səfirindən ilk açıqlama
“Prezidentimizin qərarı ilə Türkiyə Maarif Fondunun Himayədarlar Heyətinin Daimi üzvlüyündən dost və qardaş ölkə Azərbaycana səfir təyin olundum”.
Bunu Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri Cahit Bağçı tvitterdə yazıb.
“Bizi bu qürurverici və şərəfli vəzifəyə layiq görən cənab Prezidentimizə təşəkkürlərimi bildirirəm”, – səfir bildirib.
Cahit Bağçı daha sonra bu vəzifəyə təyin olunmasına dəstək verdiyi üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür edib:
“Əsaslı dostluq və qardaşlıq ruhu, şövqlə işçi arı kimi işləyəcəyik. Allah vəzifəmizi üzüağ yerinə yetirməyi nəsib eləsin”.
Xatırladaq ki, aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Azərbaycana yeni səfir təyin edib.
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.