44 gündən əvvəlki 4 gün – Aprel döyüşləri müasir tarixdə nəyi dəyişdi?

2016-cı ilin aprel ayının 2-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altındakı bir sıra strateji ərazi azad olundu. Tarixə “dörgünlük müharibə” kimi düşən döyüşlər nəticəsində işğal altında olan təxminən 800 ha.-a yaxın ərazi azad edilərək, Azərbaycanın nəzarətinə keçdi.
“Dörgünlük müharibə”nin həmin dövr üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsi “donmuş konflikt” statusunundan çıxaraq, potensial qaynar nöqtə statusu qazandı. Məhz bu döyüşlərdən sonra həm münaqişə tərəfləri, həm vasitəçi ölkələr, həm də ümumiyyətlə, regionda maraqlı olan bütün dövlətlərin problemə yanaşması dəyişməklə yanaşı, məsələ ətrafında apardıqları siyasətə də korrektələr etmələrinə məcbur oldular.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, artıq regionda yeni reallıq yaranmışdı və istənilən qüvvə bu reallığa uyğun siyasətini qurmalı idi. Ən əsası, Aprel döyüşləri, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü, münaqişənin hərbi yolla həllinin Azərbaycan cəmiyyətində kütləvi şəkildə dəstəklənməsi və hakimiyyətin bu sosial sifarişi yerinə yetirmək əzmində və gücündə olduğunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.

Məhz Aprel döyüşlərindən sonra Ermənistan hərbi büdcəsini dəyişməli və silah idxalını artırmalı oldu. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2016-cı ildən etibarən Ermənistan xaricdən silah idxalını 3.5 dəfə artırdı, Moskvanın təqdim etdiyi 3 faizlik güzəştli kredit hesabına isə “Smerç”, “Tor” və s. bu kimi zenit-raket komplekslərini əldə etdi. Məşhur “İskəndər” raketləri və İkinci Qarabağ savaşı ərzində elə Qarabağ səmasında məhv edilən “Su-30” qırıcılarını da Ermənistan 2016-cı ildən sonra aldı. Bu məlumatlar Ermənistanın Dördgünlük müharibədən sonra necə qorxuya düşdüyünü açıq nümayiş etdirirdi.

Tarixin bu gün durduğumuz nöqtəsindən, yəni Vətən Müharibəsindəki zəfərimizdən sonra 2016-cı ilin Aprel döyüşləri və ardınca gələn proseslərə nəzər salanda belə qənaətə gəlmək olar ki, əslində Azərbaycanın öz torpaqları uğrunda savaşı məhz elə həmin vaxt başlayıb və 2 aprel 2016-cı il tarixi ümumilikdə II Qarabağ müharibəsinin başlanğıc nöqtəsi kimi qəbul oluna bilər.

Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə təsirsiz ötüşmədi və əhali arasında onsuz da etimadını itirməkdə olan Sarqsyan hakimiyyətinin dayaqları daha da zəiflədi. İllərdir Azərbaycan və Türkiyənin işğala cavab olaraq tətbiq etdikləri blokada, həmçinin, Koçaryan-Sarqsyan rejiminin yarıtmaz idarəçiliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə hakimiyyətin siyasi reytinqini təmin edən yeganə amil bu klanın qonşu ölkənin torpaqlarını nəzarətdə saxlaması idi. Dördgünlük müharibə Ermənistanın ictimai şüurunda özünə yer eləmiş erməni ordusunun yenilməzliyi mifini darmadağın etdi və Sarqsyanın hakimiyyətini saxlamaq üçün sonuncu tutunacağını əlindən aldı.

Qərb institutları Ermənistanda məğlubiyyət nəticəsində yaranmış inqilabi şəraitdən yararlanma şansını əldən vermədilər və hakimiyyət çevrilişi nəticəsində Nikol Paşinyan baş nazir kürsüsünə yiyələnə bildi. Bununla da, Yerevan əsas hərbi tərəfdaşı olan Rusiyanı itirdi.

Qeyd olunduğu kimi, Aprel döyüşləri regiondakı əsas maraqlı gücün – Rusiyanın da münaqişəyə baxışını dəyişdi. Doğrudur, həmin müharibəni Moskva dayandıra bilmişdi, ancaq eyni zamanda, gələcəkdə müharibənin baş vermə ehtimalları və özü üçün mümkün riskləri üzərində düşünməyə başlamalı oldu. Çünki Qafqazın yenidən qaynar nöqtəyə dönməsi bu ərazini Qərb dövlətləri üçün Rusiya və İrana qarşı potensial hücum mövqeyinə çevirə bilərdi. Bu səbəbdən, regionda mümkün müharibə riskini azaltmaq və Azərbaycanı “cilovlamaq” üçün Rusiya həmsədr ölkələrinin də dəstəklədiyi məlum Kazan prinsipləri əsasında “Lavrov planı”nı irəli sürdü.

Planın əsas mahiyyəti ondan ibarət idi ki, əvvəlcə 5, daha sonra 2 rayon Azərbaycana qaytarılmalı, bu müddətdə ölkələrarası iqtisadi əlaqələr bərpa olunmalı, ardınca Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. Doğrudur, bu plan reallaşdırılmadı və sadəcə, vaxt qazanmaq üçün irəli sürüldüyü aydınlaşdı.

Fəqət bu təşəbbüslər sonrakı mərhələdə Azərbaycana gərəkli idi. Çünki həm 44 günlük müharibə, həm də sülh bəyanatının imzalanması zamanı prezident İlham Əliyev Paşinyanın kömək diləndiyi Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü bu plana dəfələrlə istinad edəcək və Ağdam, Kəlbəcər və Laçının döyüşsüz Azərbaycana qaytarılmasına nail olacaqdı.

Aprel döyüşləri həm də, Azərbaycanın gələcək müharibəyə hərbi-taktiki baxımdan hazırlığı idi. Bu döyüşlər ölkəmizin gələcək müharibədə uğurlu taktika seçməsi üçün təlim xarakteri daşımaqla yanaşı, real döyüş şəraitində ortaya çıxa biləcək çatışmazlıqların sonrakı mərhələdə aradan qaldırılmasına şərait yaratdı.

Eyni zamanda, Aprel döyüşləri və sonrakı Tovuz qarşıdurmaları düşməndə Azərbaycanın hərbi potensialı və mümkün hərbi taktiki gedişlərilə bağlı yanlış təsəvvür yaradılmasına hesablanmışdı. Ermənilər 2016-cı ildən sonra silahlanmaya səhv istiqamətdə başlayaraq əsasən piyadalar üçün atış silahları, yerüstü ağır silahlar, qırıcı-bombardmançı təyyarələr və hava hücumundan müdafiə sistemləri almaqla yanaşı, Azərbaycanın mümkün hücum istiqamətini də səhv hesabladılar. Bütün bunlar Ermənistanın uğurlu müqavimət göstərə bilməsini təmin etmədi. Nəticədə 44 günlük müharibə ilə Aprel döyüşlərini öz məntiqli sonuna çatdı./azvision.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password