Futbol rüsvayçılığı – Ermənistanla məsafəmiz yerlə göy qədərdir

 

Hazırkı rəhbərliyin idarəçiliyi altında bu biabırçılığın sonu görünmür

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Rumıniya ilə matçda, erməni millisinin təxribatı ilə əlaqədar Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FİFA) müraciət göndərəcək. Bu barədə AFFA-nın “Facebook” səhifəsindəki açıqlamasında deyilir.

“AFFA 2022-ci ildə Qətərdə təşkil ediləcək FİFA Dünya Kuboku seçmə mərhələ çərçivəsində baş tutan Ermənistan-Rumıniya matçı zamanı stadionun tribunalarında separatçı rejimin qondarma “bayrağı”nın asılması ilə əlaqədar FİFA-ya müraciət göndərəcək”, – deyə xəbərdə bildirilir

Əlbəttə ki, FİFA erməni tərəfinin bu təxribatına cavab verməli və onu böyük məbləğdə pul cəriməsi ilə cəzalandırmalıdır. Ancaq şəxsən məndə Qarabağ separatçılarının “bayraq” adlandırdıqları bir əski parçasını asmalarından daha çox Aəzrbaycan futbolunun düşdüyü vəziyyət daha çox hiddət doğurur. Daha doğrusu, futbolumuzun vəziyyəti hansısa bayraq provokasiyasından bizim üçün daha təhqiramizdir. Birinci halda, şübhəsiz ki, bütün günahkarlar FİFA tərəfindən cəzalandırılacaq, ikinci halla bağlı isə illərdir baş verən biabırçılığa görə heç kim cəzalandırılmır.

Hesab, necə deyərlər, tabloda göstərilir. Azərbaycan millisi öz seçmə qrupunda sonuncudur, üç oyundan sonra bir xal da qazana bilməyib. Ermənistan millisi isə seçmə qrupunda birinci yerdədir. İspaniyalı Xoakim Kaparronun çalışdırdığı komanda üç görüşdə üç qələbə qazandı –  Lixtenşteyn (1:0), İslandiya (2:0) və Rumıniya (3:2) üzərində. İkinci yeri də altı xalı olan, ancaq qol fərqində almanlar üzərində üstünlüyə sahib olan Şimali Makedoniya tutur.

Yəni Ermənistan millisi Almaniya millisini belə, qabaqlayır, Azərbaycan isə Lüksemburqdan da aşağı nəticə göstərib. AFFA rəhbərliyinin tam tərkibdə “piyada gəzintiyə” göndərilməsi üçün başqa nə baş verməlidir? Azərbaycan başqa kimlərə uduzmalıdır? Artıq belə bir zəif  komanda da qalmayıb. Üstəlik həm gənclər, həm də yeniyetmələr komandaları uduzur! Və bu daim məğlub olanlardan sonra əsas milli komanda qurulur…

Bu, bir faktdır ki, millinin tərkibində Avropa standartlarına görə orta səviyyəli bir oyunçu da yoxdur. Və burada təəccüblü bir şey yoxdur. Yalnız milli çempionatın nəyə çevrildiyinə baxın! Buna “Sumqayıt” və “Qəbələ” komandalarının iştirakı ilə Bakı çempionatı adını vermək daha dürüst olar. Ağdamın “Qarabağ” klubu sayılmır, çünki onlar da Bakıda məşq edir və oynayır. Gəncə, Şəmkir, Naxçıvan, Lənkəran, Qusar, Quba, Şirvan və Respublikanın digər şəhərlərindən olan komandalar haradadır? Niyə orada futbolu inkişaf etdirmirlər, niyə bu şəhərlər gələcəkdə millinin heyətinə qatıla biləcək futbolçu “istehsal etmirlər”?

Cavab sadədir, çünki AFFA bütün bu işləri bacarmadı. 2008-ci ildən bəri regional futbol federasiyalarının prezidenti, SSRİ standartlarına görə çox orta səviyyəli, Azərbaycanda hər şeyə layiq görülən və “əfsanə” adlandırılan İsgəndər Cavadovdur. Yəni bu “əfsanə”nin futbolçuluğundan daha zəif  idman funksioneri çıxdı. Çünki məhz Cavadov Respublikanın bölgələrində futbolun inkişafı üçün lobbiçilik etməli, orada istedadları üzə çıxarmalı və regional futbol komandalarının yaradılmasına kömək etməli idi. Bu, onun birbaşa vəzifəsidir.

Amma o, bütün işləri “proval” etdi. Premyer Liqada Azərbaycanın ikinci böyük şəhərindən – Gəncədən heç bir komandanın olmadığı bir vəziyyəti başqa cür adlandırmaq olmaz.

Bəlkə də çoxları bilmir, amma bizdə rəsmi olaraq Naxçıvan Regional Futbol Federasiyası, Qarabağ Regional Futbol Federasiyası, Cənub Regional Futbol Federasiyası, Şimal-Qərb Regional Futbol Federasiyası, Gəncə Regional Futbol Federasiyası mövcuddur. Bütün bu bölgələrdən olan komandalar haradadır və niyə Premyer Liqada təmsil olunmur? Onlar burada deyil. Və bu vəziyyəti bölgələrin futbol federasiyaları prezidentlərinin işindəki uğursuzluqdan başqa cür adlandırmaq olmaz.

Ancaq təbii ki, söhbət təkcə Cavadovdan getmir. AFFA-da daha bir ecazkar fiqur var – Elxan Məmmədov. 2020-ci ilin yanvarından AFFA-nın icraçı vitse-prezidentidir. Eyni zamanda, 2007-ci ilin iyul ayından AFFA-nın Baş katibi vəzifəsində fəaliyyət başlayıb. Bu şəxsin futbolla əlaqəsi varmı? Yoxdur. “Baku Investment Ltd”-də Logistik Əməliyyatlar Nəzarətçisi köməkçisi vəzifəsində çalışıb. Amerika İnter Continental Universitetini bitirdikdən sonra “Natəvan” biznes mərkəzində direktor müavini, daha sonra “Natəvan” və “Baku Investment Ltd” şirkətlərində idarəedici direktor vəzifələrində çalışıb.

Buna baxmayaraq, 14 ilə yaxındır bu adam futbol təsərrüfatını “idarə edir”. Bu müddət ərzində Premyer Liqadakı komandaların sayı 12-dən 8-ə endi və Azərbaycan millisi mütəmadi olaraq alçaldıcı məğlubiyyətlərlə üzləşdi, ənənəvi olaraq seçmə qrupdakı sonuncu yer uğrunda mübarizə aparırdı.

AFFA-ya 2008-ci ildən bəri rəhbərlik edən Rövnəq Abdullayev də milli futbolun uğursuzluğuna görə eyni dərəcədə məsuliyyət daşıyır. Elə o da millinin onsuz da adiləşmiş, biabırçı məğlubiyyətləri ilə bağlı heç bir peşmanlıq duymayan, futbol fəlsəfəsini başa düşməkdən xeyli uzaq olan bir xarakterdir. Beləliklə, nəticədə komandamızın sonuncu yeri və sıfır xala sahib olması tam məntiqlidir. Məntiqli, amma utancvericidir. Və Federasiyanın hazırkı rəhbərlərinin idarəçiliyi altında bu biabırçılığın sonu görünmür./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password