Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür

 

Bu gün azərbaycanlıların 1918-ci ildə ermənilər tərəfindən məruz qaldığı soyqırımın ildönümüdür.

Xatırladaq ki,azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardıqları ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb.

Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq məqsədilə Rusiyanın imperiya siyasətindən alət kimi istifadə ediblər.

1918-1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlanılır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilmiş cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atıblar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılıb, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb.

Soyqırımın ildönümü ilə əlaqədar ölkənin bütün bölgələrində anım mərasimləri keçirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password