“Kalibr”lər daşıyan 6 sualtı qayıq da getdi
Rusiya Hərbi Dəniz Donanmasının 636 “Varşavyanka” layihəsindən olan birdən-birə 6 elektrik mühərrikli sualtı qayığı Qara dənizə çıxıb. Bu Suriyanın şimalına güclü zərbələrin planlaşdırılması ilə bağlı ola bilər.
636 “Varşavyanka” layihəsindən olan sualtı qayıqlar “Kalibr” qanadlı raketləri ilə silahlanıb və bundan əvvəl bir neçə dəfə Qara dəniz akvatoriyasından Suriyada Əsəd rejiminə müxalif qüvvələrin mövqelərinə raket zərbələri endirib.
Avia.pro xatırladır ki, bundan əvvəl Rusiya donanmasının 3 döyüş-desant gəmisi Aralıq dənizinə daxil olub və Suriya sahillərində mövqe tutub. Habelə Hmeymim aviaqruplaşmasını gücləndirmək üçün 4 Su-35 qırıcısı Suriyaya göndərilib. Bütün bunlar Rusiyanın Suriyanın şimalına, İdlib deeskalasiya zonasına qurudan, havadan və dənizdən güclü zərbə planlaşdırdığını təxmin etməyə əsas verir. Bundan əvvəl Əsəd ordusu və Rusiya İdlib bölgəsində yaraqlıların neft bazalarına və anbarlarına güclü raket-bomba zərbələri endirib, böyük dağıntılar törədib.
Ankara İdlibin bombalanmasına görə Rusiya tərəfindən izahat istəyib, hazırda Suriya ilə bağlı Türkiyə və Rusiya arasında münasibətlərin yenidən gərginləşdiyinin əlamətləri hiss olunur./virtualaz.org